Yağışdan sonra Sumqayıtda damsız binaları su basıb, vətəndaşlar etiraz edir [Video]

“İyulun 14-dən Sumqayıtda 200-dən çox binanın dam örtükləri söküldü. Guya yeni dam örtüyü vuracaqdılar, iki aydan çox zaman keçməsinə baxmayaraq bir çox binalarda dam örtükləri hələ də vurulmayıb”.
Bu sözləri problemlə bağlı Abzas.net-ə şikayət ünvanlayan Süheyla Bayramova deyir. Onun sözlərinə görə, yağış yağdıqdan sonra bir çox evi su basıb. Sakinlər mövzu ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayət ünvanlasalar da, bu nəticəsiz qalıb:
“İcra Hakimiyyətinə getdiyimiz zaman bizi 3 saat gözlətdilər. Ardından bir nəfər, özünü tikintinin rəhbəri kimi təqdim edən şəxs bizə yaxınlaşdı. Komissiyanın təşkil ediləcəyini və evlərə dəymiş ziyana görə kompensasiyanın ödəniləcəyini, eyni zamanda yeni dam örtüklərinin vurulacağını dedi. Ancaq həmin gündən sonra məsələ həll olunmadı, heç ərazimizə gəlib-gedən olmadı”.
Vətəndaş bildirir ki, onların yaşadığı binaya dam örtüyü sonradan vurulsa da, qarşıdakı binanın üzərinə sadəcə “klyonka” çəkiblər, bu isə yağış yağanda evin suya qərq olmasına səbəb olur.
Digər bir Sumqayıt sakini İlkin Həsənov da yağışdan sonra evlərini su basmağından şikayət edir. O bildirir ki, evləri, daha doğrusu qonaq otağı və dəhliz suyun içindədir:
“Tavana baxanda elə bilirsən bu dəqiqə “şlanqla” xüsusi olaraq islatmısan. Sagolsun Sumqayıtdakı lazımi dairələr xüsusi “qayğıkeşlik” nümayiş etdirdilər. Düz üç aydır Sumqayıtdakı binaların dam örtüyü təzələnir. Bu nətər təzələmədir ki, düz iki aydır evin üstünə taxta vurulub, amma şiferi yaddan çıxarıblar. Zəng edirik, deyirler geleceyik. Düz iki aydır gəlirlər”.
İlkin Həsənov deyir ki, yayın cırhacırında görülməyən işi payızda görmək istəyirlər:
“Səhv etmisiniz, bir az da dözərdiniz yaşadığım mənzil aqua park olardı, ondan sonra yığışıb gələrdiniz ki, “qaqaş nə kömək lazımdır”. Təpənə dəysin o kömək”.
Digər bir Sumqayıt sakini Əzizə Cəbrayılova 6-cı mikrorayonda da oxşar vəziyyətin olduğunu bildirib. O qeyd edib ki, onların binalarının da dami sökülüb hələ neçə ay keçməyinə baxmayaraq vurulmayub:
“Yola baxan binaların damını düzəltdilər, 1 həftəyə hazır elədilər, amma qalanlarını “nazla” eləyirlər. Və dünən yağan güclü yağışa görə biz özümüz 4-cü mərtəbədə qalmağımıza baxmayaraq divarlardan evə bütün su süzülüb gəldi. Divar künclərində dünən vəziyyət bu idi. Təmir də heyif oldu bu yolla”.
Sumqayıt sakinləri bildiriblər ki, hazırda da 5, 6, 9, 10, 11 və 13-cü mikrorayonlardakı binaların bir hissəsinin hələ damları sökülüb, amma təmiri başa çatdırılmayıb. Buna görə də evlərini mütəmadi su basır.