Talış folklorşünas və “Talışı Sədo” qəzetinin jurnalisti polisə aparılıb

Talış folklorşünası İradə Məlikova sentyabrın 21-dən 22-nə keçən gecə Bakı hava limanında saxlanaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (BMCMİ) İdarəsinə aparılıb.
Sentyabrın 23-ü səhər saatlarında isə “Talışı Sədo” qəzetinin əməkdaşı Vüqar Mustafayev BMCMİ-yə aparılıb.
Bu haqda “Talışi Sədo” qəzetindən Azər Lerikli məlumat verib.
Onun sözlərinə görə, hər iki şəxsi “Talışca-Türkcə”, “Talışca-İngiliscə” lüğətlərinin çap edilməsinə, satışının təşkilinə və yayılmasına görə saxlayıblar.
“İ.Məlikovanın mənzilində axtarış da aparıldı. Onun mənzilindən 4 nüsxə lüğəti də özləri ilə apardılar”, A.Lerikli bildirib.
BMCMİ-də separatçılıqla məşğul olduqları güman edilən İ.Məlikova və V.Mustafayevin izahatı alınıb.
Hər iki şəxs BMCMİ-də olarkən sözügedən lüğətlərin çapında hər hansı qanunsuz əmələ yol verilmədiyi, lüğətlərin Prezident Administrasiyasının Ümumi İşlər İdarəsinin kitabxanasına da təqdim olunduğu bildirilib.
Daha sonra hər iki şəxs sərbəst buraxılıb.