Türkiyə və Rusiya prezidentlərinin görüşü baş tutub

Türkiyə prezidenti Recep Tayyip Erdoğan, G-20 Liderlər Sammiti üçün getdiyi Çinin Xançjou şəhərində Rusiya Dövlət Başçısı Vladimir Putinlə dünən axşam ikitərəfli görüş keçirib.
Rusiya Dövlət Başçısı Putin, görüşün əvvəlində verdiyi açıqlamada Türkiyədə daxili siyasi vəziyyətin normallaşmasından məmnuniyyət duyduqlarını söyləyib.
“Shangri La Otel”də keçirilən qapalı görüşdən öncə Erdoğan və Putin jurnalistlərə açıqlamalar verib.
Rusiyadan çarter uçuşlarının əvvəlki gün başladığını xatırladan Erdoğan, “Sankt-Peterburqdakı danışıqlarda müzakirə etdiyimiz mövzuları burada təkrar qiymətləndirmək surətiylə çox çox əhəmiyyətli, gələcəyə istiqamətli, gərək siyasi, gərək iqtisadi, gərək regional bir çox mövzular haqda danışmaq imkanımız olacaq”, – deyə bildirib.
Erdoğan qeyd edib ki, enerji məsələləri üzrə danışıqlar davam edir və bunları qiymətləndirmək üçün fürsətlər olacaq: “Bu mənada da xüsusilə atacağımız addımlar inanıram ki, əlaqələrin normallaşması prosesini daha çox inkişaf etdirəcək”.
Türkiyə prezidentinin ardından Rusiya prezidenti Putin də çıxış edib: “Türkiyədə daxili siyasi vəziyyətin normallaşmasını görməkdən məmnunluq duyuruq. Türkiyənin çətin dövrdən keçdiyini görürük.
Terrorla mübarizə davam etməkdədir və ölkə əhəmiyyətli təhdidlərlə qarşı-qarşıya qalır, bunu bilirik. Onsuz da terrorla mübarizə ilə əlaqədar mövqelərimizi daha əvvəl bir-birimizə izah etmişdik. Türkiyədəki vəziyyətin normallaşması mövzusunda əhəmiyyətli uğurlar var, amma proses tamamilə təmin edildikdən sonra daha sürətli şəkildə irəliyə gedə biləcəyik”.
Jurnalistlərə açıqlama verdikdən sonra, Vladimir Putin zarafatından da geri qalmayıb. Erdoğan görüş iştirakçıları arasındakı Türkiyənin Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri Hakan Fidanı təqdim edərkən, Putin gülərək deyib: “Əgər kəşfiyyat xidmətinin rəhbəri buradadırsa, bizim danışıq aparmağa nə gərək var? O, çox güman ki, sizə hər şeyi artıq məruzə edib”.
Xatırladaq ki, Milli Kəşfiyyat Xidmətinin rəhbəri Hakan Fidan, 9 avqustda Rusiyanın Sankt-Peterburq şəhərində Putin ilə Erdoğan arasında reallaşan görüşə də qatılmışdı.

putinn