Vəkil: Rüfət Səfərov həyatı üçün heç bir təhlükə hiss etmir

Hazırda mühacirətdə olan jurnalist İdrak Abbasov sosial şəbəkədə Zərdab rayon Prokurorluğunun həbsdə olan keçmiş müstəntiqi Rüfət Səfərovun həyatı üçün təhlükə yaratdığını bildirib.
“Bakıdan çox etibarli mənbə mənə məlumat verdi ki, şərlənərək həbs edilən üsyankar müstəntiq Rüfət Səfərovun həyatına ciddi təhlükə var. Rüfət Səfərovun kamerasına 18 il həbs cəzası almış Samir adli bir residivisti salıblar. Həmin Samirə Rüfət Səfərovu qətlə yetirəcəyi təqdirdə azadlıq vəd edilib”, o sosial şəbəkədə bu barədə məlumat verib.
Vəkil Bəhruz Bayramov bu iddialardan sonra bu gün 1 saylı Bakı İstintaq Təcridxanasında Rüfət Səfərovla görüşüb.
Vəkil, Rüfət Səfərovun həyatı üçün təhlükə hiss etmədiyini bildirib: “Səhhəti də normaldır, saxlanma şəraitindən də narahatlığı yoxdur”, o qeyd edib.
Vəkilin sözlərinə görə, təcridxananın rəisi Rəşid Səfərov Rüfət Səfərovu qəbul edib.
“Rüfət Səfərov həqiqətən 18 il 6 ay azadlıqdan məhrum edilmiş hərbçi ilə eyni kamerada saxlanılır. Təcridxananın rəisi Rüfət Səfərovdan narahatlığının olub-olmamasını soruşub. Rəşid Səfərov deyib ki, Rüfət Səfərovun təhlükəsizliyi nəzarətçilər tərəfindən qorunur. Əgər narahatlığı varsa, ərizə ilə müraciət etsin və başqa kameraya köçürsünlər. Rüfət hələ buna ehtiyac olmadığını bildirib”.
Qeyd edək ki, Rüfət Səfərov sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il həbs cəzasına layiq görülüb.
Ötən il dekabrın 20-də o, ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyini açıqlamışdı. Bundan dərhal sonra Zərdab rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb.
Yanvarın 15-də isə R.Səfərova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülmüş və o, həbs olunmuşdu. Bir həftə sonra – yanvarın 22-də isə Binəqədi rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin etmişdi.
Keçmiş müstəntiq ona qarşı ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.
R.Səfərov hakim YAP-dan keçmiş deputat, eləcə də Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.