“Xalq cənab prezidentə etimad göstərdi”

”Referendum baş tutdu, xalqın böyük əksəriyyəti səs verdi. Xalq cənab prezidentə etimad göstərdi. Bu, ümumxalq etimadının testi idi. Bu test kifayət qədər uğurlu oldu”.
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov referendumun nəticələri ilə bağlı sentyabrın 26-da axşam satatlarında keçirdiyi mətbuat konfransında belə deyib.
Ə. Əhmədov bildirib ki, referenduma çıxarılan məsələlər prezidentin apardığı uğurlu siyasətin hüquqi bazasının daha da möhkəmləndirilməsi məqsədi daşıyır.
“Referendum bundan sonra bu siyasətin daha da uğurlu aparılmasına kömək edəcək. Referendumu təkcə Azərbaycan xalqı dəstəkləməyib. Bu, beynəlxalq təşkilatlar tərəfindən də maraqla qarşılanıb. Bizə çatan məlumat ondan ibarətdir ki, beynəlxalq müşahidəçilər də referendumun tam demokratik keçirilməsi qənaətindədirlər. Bu günkü referendum demokratik sahədə atılan uğurlu addımdır”, Ə.Əhmədov bildirib.
Ə. Əhmədov qeyd edib ki, “exit poll”arın nəticəsinə əsasən də, əhalinin böyük əksəriyyəti referendumda irəli sürülən təkliflərə müsbət rəy verib.
YAP sədrinin müavini referendum sonrası addımlar haqqında da danışıb.
“Referendumdan sonra aparılacaq islahatlar, əsasən, iqtisadi sahəni əhatə edəcək. İslahatların iqtisadiyyatın bütün sahələrini əhatə etməsi nəzərdə tutulur. İslahatlar sosial sahələri də geniş əhatə edəcək. Bu islahatlar imkan verəcək ki, biz Azərbaycan vətəndaşları üçün qarşımıza qoyduğumuz bütün sosial proqramları həyata keçirə bilək”.