Ənvər Seyidov kimdir?

Ənvər Seyidov 1949-cu il martın 29-da Oğuz şəhərində anadan olub, 67 yaşı var. O, Azərbaycan İncəsənət Universitetində təhsil alıb. Azərbaycan Ağsaqqallar Şurasının üzvüdür. 1990-cı ildən Cəlilabad rayonunun fəxri vətəndaşı adına layiq görülmüşdür. Hərbi rütbəsi polkovnik, birinci ixtisas dərəcəli hakimdir. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və Azərbaycan Pedoqoji Universitetinin Elmi Şurasının üzvüdür.
Müsahibələrinin birində Ə.Seyidov danışır ki, İncəsənət Universitetindən çıxarılandan sonra əmisinin tapşırığı ilə Rabitə Texnikumunda oxuyub:
“Əmim dedi ki, səni Rabitə Texnikumuna tapşırmışam, sənədləri universitetdən götür, ver ora. Özün də xəstəxanada sobaçı işlə”.
Baş sobaçını çağırıb, məni ona tapşırdı. Texnikumu fərqlənmə ilə qurtardım və sənədlərimi filologiya fakültəsinə verdim. İmtahan günü dedilər, sənin sənədlərin burda yoxdur. Sənin sənədlərini hüquq fakültəsinə apardılar. Artıq 69-cu il idi, Heydər Əliyev hakimiyyətə gəlmişdi”.
O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.
Səhiyyə və rabitə sahəsində müxtəlif işlərdə çalışıb.  1972-ci ildə Ədliyyə Nazirliyi sistemində işə başlamaqla VVAQ Arxivinin müdiri, Notariat və VVAQ İdarəsinin baş məsləhətçisi, Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi, Cəlilabad Rayon Məhkəməsinin sədri vəzifəsində işləyib.
Hakim bir neçə dərsliyin müəllifidir. Həmin dərsliklər bunlardır: “Azərbaycan Respublikasında beynəlxalq normaların tətbiqi” , “Konstitusiya və hüququn əsasları”, “Hüququn əsasları” , “Heydər Əliyev və Azərbaycan Konstitusiyası”.
1994-1999-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təftiş qrupunun rəhbəri olub.
Hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimidir. Hərbi rütbəsi polkovnik olan hüquqşünas birinci ixtisas dərəcəli hakim, hüquq elmləri namizədi, dosentdir.
Hakim bədii yaradıcılığa da meyl edib.  O, “Ünvansız eşq” romanı və ssenarisinin müəllifidir. İlk bədii əsəri – “Təlatüm” romanı 2008-ci ildə Mir Cəlal Paşayevin  100 illik yubileyi ilə bağlı keçirilən VII Kitab Bayramında “İlin Kitabı” elan olunub. Onun “Dələduzlar” ssenarisi əsasında film çəkilib.
Keçək hakim işlədiyi müddətdə onun haqqında yazılanlara. Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrupunun siyahısında siyasi məhbus kimi tanınan Səid Dadaşbəyli ölkə başçısı İlham Əliyevə 2011-ci ildə yazdığı məktubda qeyd edir:
“Hakim Ənvər Seyidovun çıxardığı hökmə görə mən 2006-cı ilin sonlarından 13 yanvar, 2007-ci ildə həbs olunana qədər guya Azərbaycan Respublikasının prezidenti vəzifəsini icra etmişəm. Hazırda isə eks-prezident statusunun daşıyıcısıyam. Müraciətimin bu hissəsini oxuyan hər bir vətəndaş çaşqınlıq içində qalaraq məni ruhi xəstə olduğumu iddia etsə, onu anlamaq olar”.
2007-ci ildə hakim Ənvər Seyidov S.Dadaşbəyliyə 14 il həbs cəzası verib.
2007-ci ildə “Səid Dadaşbəyli işi” üzrə təxminən 30 nəfər həbs edilib və tutulanlar “NİMA” (Mehdi Seyidəz-Zamanın Şimal Ordusu) adlı radikal dini qruplaşma yaradaraq İranın xüsusi xidmət orqanlarına casusluq etməklə dövlət əleyhinə cinayətlərin törədilməsində ittiham olunublar.
“Onlar 3 yanvar 2007-ci ildən 11 dekabr 2007-ci ilədək MTN-nin təcridxanasında təkadamlıq kameralarda saxlanılıblar. Onlar davamlı olaraq döyülüb, yatmaqdan, yeməkdən və sudan məhrum ediliblər. Eyni zamanda, həbs edilənlərə psixotrop maddələr verilib. Onları istintaqa gərək olan etiraf izahatları verməyəcəkləri təqdirdə azadlıqda olan qohumlarına işgəncə veriləcəyi ilə hədələyiblər” – İşçi Qrupunun hesabatında yazılıb.
Ənvər Seyidovun hökm oxuduğu Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev onun haqqında yazır:
“Ənvər Seyidov 1994-cü ildə Şuşa və Laçının işğalıyla bağlı gedən məhkəmə prosesində hakim kimi çıxış edirdi və mənə qiyabi ölüm hökmü çıxarmışdı. Şuşa və Laçının işğalıyla bağlı istintaq materialları 11 min səhifə və 51 cilddən ibarət idi və həmin işğal zamanı baş verən cinayətlər və xəyanətlər bilərəkdən, qəsdən dəqiq araşdırılmadı. Bugünə qədər də əsas baiskarların kimliyini hamı bilə-bilə günahkarlar nəinki haqq etdikləri cəzaları almayıblar, əksinə, “xidmətlər”inin müqabilində daha yüksək postlara layiq görülüblər. Millət və dövlətçilik üçün belə bir məsuliyyətli yükün altına girən Ənvər Seyidov günahkarların əhatə dairəsini aşkara çıxarıb ifşa etmək əvəzinə barəmdə qiyabi ölüm hökmü çıxardı”.

ənvər seyidov

Həmçinin, bir neçə ay əvvəl Ənvər Seyidov MTN-nin sabiq naziri Eldar Mahmudova yazdığı məktubla da müzakirə mövzusuna səbəb olub.
Hüquq müdafiəçisi Oktay Gulalıyevin yaydığı məktubda MTN tərəfindən qanunsuz həbs olunan bir qrup məhkumun məhkəmə prosesinə sədrlik edən hakim Ə.Seyidovun təqsirləndirilən şəxslərə bağlı qapılar arxasında 10-14 il həbs cəzası verəndən sonra nazir Eldar Mahmudovdan dinc günahsız insanları şərləyib həbs etdiyinə, onlara böhtan atıb, ağır işgəncəyə məruz qoyduğuna görə MTN-nin Anti-Terror Mərkəzinin bir qrup əməkdaşının “vicdanlı” və “ləyaqətli” hərəkətlərinə görə mükafatlandırılmasını xahiş edib.
Məktubda adları keçən insanların böyük əksəriyyəti isə Eldar Mahmudovun dəstəsinin üzvləri olub. MTN dağılandan sonra həmin şəxslərin əksəriyyəti həbsə girib.
Ənvər Seyidovun təriflədiyi Anti-Terror Mərkəzinin rəisi Elçin Quliyev və onun müavini İlqar Əliyev də həbs edilib. Sonradan kamerada İlqar Əliyevin meyiti tapılıb. Ənvər Seyidovun bu məktubu hüquqi baxımdan da qeyri-qanunidir. Qanunverciliyin tələblərinə görə, işə baxan məhkəmə ittiham tərəfinin ortaya qoyduğu sübutlara deyil, məhkəmə istintaqında ortaya çıxan sübutlara əsasən hökm verməlidir.
Eldar Mahmudovun sifarişi ilə yazılmış saxta ittiham aktını gözü yumulu qəbul edən hakim bununla yanaşı sabiq MTN şefinə yarınmağı da unutmayıb.
Ənvər Seyidovun təriflədiyi MTN əməkdaşları arasında Eldar Mahmudovun ailə üzvlərindən olan Mahmudov Həmid Azər oğlunun da adı var idi.
Ənvər Seyidov 25 oktyabrda NİDA üzvü Qiyas İbrahimova 10 il həbs cəzası verib. Q.İbrahimovla birlikdə NİDA Hərəkatının üzvü Bayram Məmmədov mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” yazılmış şüardan sonra saxlanılıblar.
Gənc fəallar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunurlar. Onların cinayət işləri ayrı icraatlara verilib. Bayram Məmmədovun işi üzrə məhkəmə prosesi hələlik başlamayıb. Onların heç biri özünü təqsirli bilmirlər və Heydər Əliyevin heykəlini yazdıqlarına görə şərlənib həbs edildiklərini, istintaq zamanı işgəncələrə məruz qaldıqlarını bildirilər.