Azərbaycanlı deputatlar yenidən “Euronest”in iclasında

Oktyabrın 31-i və noyabrın 1-də Euronest Parlament Assambleyasının siyasi məsələlər, insan hüquqları və demokratiya, sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitələrinin iclasları keçiriləcək.
Milli Məclisin mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan uzun müddət aradan sonra yenidən “Euronest”in iclaslarında iştirak edəcək.
Toplantıda Azərbaycanı deputatlar Rasim Musabəyov və Məlahət İbrahimqızı təmsil edəcək.
Euronest-də Avropa Birliyi və Şərqi Avropanın tərəfdaş ölkələrində media azadlığının, əmək bazarında qadınların durumu əsas müzakirə mövzusu olacaq. Komitələrin 2017-ci il üçün fəaliyyət planı və digər məsələlər də toplantı zamanı razılaşdırılacaq.
2015-ci ilin sentyabrında Avropa Parlamenti Azərbaycanla bağlı sərt tənqidi məzmunda qətnamə qəbul etmişdi. Həmin sənəddə əsas insan hüquq və azadlıqlarının pozulmasından, ictimai siyasi fəalların təqibindən, jurnalist ölümündən bəhs edilirdi.
Qətnamədə Əliyevlər ailəsinin var-dövləti, həmin var-dövlətin mənbələrinin araşdırılmaması haqda deyilənlər Azərbaycan rəsmilərinin xüsusilə sərt reaksiya ilə qarşılanmışdı.
Qətnamənin qəbul edilməsindən sonra Azərbaycan parlamenti “Euronest”dən çıxmaqla bağlı prosedurların başlanmasına qərar vermişdi. Milli Məclisin sözügedən qərar qəbul edilən iclasında Avropa Parlamentinin ünvanına rəsmi səviyyədə kəskin ittihamlar səslənmişdi.
Ancaq bu il sentyabrın 30-da ölkə parlamenti Euronest-ə yenidən geri dönməyə qərar verib.