Dünya Bankının açıqlanan növbəti hesabatında Azərbaycan 4 pillə geriləyib

Dünya Bankı “DOING BUSINESS” hesabatını açıqlayıb.
Azərbaycan son 1 il ərzində daha 4 pillə geri gedərək, 65-ci yerdə qərarlaşıb. Hesabata görə Gürcüstan 16, Qazaxıstan 35, Rusiya isə 40-cı yerdədir.
İqtisadçı Natiq Cəfərli sosial şəbəkədə bu haqda məlumat verib ki, hesabatda fərqli indikatorlar var. Azərbaycanın ən yaxşı göstəricisi müəssisələrin qeydiyyatı, ən pis göstəricisi isə “tikintiyə icazə”dir. 127-ci, kreditə çıxış imkanları indikatorunda isə 118-ci yerdəyik. Ümumilikdə 10 indikator üzrə qiymətləndirmə olub. Bunun 7-də keçən ilə nisbətən geriləmişik. Cəmi 1 indikator dəyişməyib, 2-sində isə azacıq yaxşılaşma var”.
N.Cəfərlinin sözlərinə görə, Azərbaycan hökumətinin tez-tez qürurla istinad etdiyi DOING BUSINESS hesabatı investorlar üçün çox ciddi istinad mənbəyidir. Əgər ölkəmiz son 1 ildə 4 pillə geriləyibsə, bölgədə əsas rəqibimiz Gürcüstan bizdən 49 pillə qabaqdadırsa, hətta Qazaxıstan və Rusiya da bizi qabaqlayıbsa, investor Azərbaycana niyə yatırım etməlidir ki?!
“Hələ burada məhkəmə və mülkiyyət toxunulmazlığı nəzərə alınmayıb. İvestorlar üçün önəmli olan bu 2 sahə Azərbaycanda bərbad vəziyyətdir. Bunu da nəzərə alsaq, üzərinə korrupsiyanı, inhisarçılığı da gəlsək, xarici investor Azərbaycana yatırım etməkdən həmən vaz keçir”.
İqtisadçı bildirir ki, hökumət tez-tez ölkəyə milyardlarla xarici investisiya qoyulduğunu deyir, amma dəqiqləşdirmir ki, bu vəsaitin tamamına yaxını neft-qaz müqavilələrinə görə qoyulub, o müqavilələr isə parlament tərəfindən təsdiq olunur, konstitusiyamızdan da üstün hüquqa malikdir. Yəni, o müqavilələrdə “oyun qaydaları” fərqlidir, bizimkilər istəsələr belə o qaydaları poza bilməzlər:
“Bizim bölgədə əsas rəqibimiz Gürcüstandır, o ölkəyə çatmasaq, bölgəyə gəlmək istəyən investor bizi deyil, Gürcüstanı seçəcək. Gürcüstana çatmağın yolu isə siyasi islahatlardan, idarəetmədə köklü dəyişikliklərdən, azad seçkilərdən keçir. Vəssalam…”.