“Hökmü Qiyas İbrahimova qarşı qisas kimi qiymətləndiririk”

Qiyas İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı NİDA Vətəndaş Hərəkatı bəyanat yayıb.
Bəyanatda deyilir:
“Bu gün şərlənərək həbs olunmuş nidaçı siyasi məhbus Qiyas İbrahimov haqqında Bakı Ağır Cinayətlər Məhkəməsində 10 il azadlıqdan məhrumetmə qərarı verildi.
Nida Vətəndaş Hərəkatı olaraq bu hökmü gənc fəallara qarşı repressiyaların davamı və konkret olaraq “heykəl məhbusu” Qiyas İbrahimova qarşı qisas kimi qiymətləndiririk. Qiyasa qarşı oxunan bu ağır hökm hakimiyyətin ona qarşı kinini nümayiş etdirir.
Nida Vətəndaş Hərəkatı olaraq bildiririk ki, Azərbaycan üçün bu ağır böhran dövründə müxalif fəallara qarşı repressiyalar keçirməkdənsə, hakimiyyət təcili köklü siyasi və iqtisadi islahatlara getməlidir.Bütün yerli və beynəlxalq ictimaiyyəti Qiyasın müdafiəsinə, hakimiyyəti isə bütün siyasi fəalları azad etməyə çağırırıq”.
Xatırladaq ki, Qiyas İbrahimov başqa bir gənc fəal Bayram Məmmədovla birgə mayın 11-də saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə ittiham edilirlər. Yaxınları isə gənclərin mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə həbs edildiklərini bildirirlər.