Hökumətə 3 mlrd dollardan artıq vəsait lazımdır

Hökumət 2017-ci ilin dövlət büdcəsinin layihəsində nəzərdə tutulan xərcləri ödəmək üçün xarici valyutaya tələbatı açıqlayıb. Hökumətə cəmi 3 mlrd 61 mln ABŞ dolları, 5 mlrd manat və ya dövlət büdcəsinin üçdə biri qədər vəsait lazımdır.
Neft Fondunun hesabına TANAP-ın tikintisinin maliyyələşdirilməsi üçün dövlətin birbaşa valyuta xərcləri ən azı 3,5 mlrd dollar olacaq. İqtisadçı Rövşən Ağayev hesab edir ki, iqtisadiyyatın xarici valyutaya tələbatının yüksək olaraq qalması manatın kövrək mövqedə qalmasını şərtləndirəcək.
Ağayevin hesablamasına görə, 2017-ci ildə icmal büdcənin valyuta ilə gəlirləri təxminən 8.9 milyard manat  olacaq ki, bu hazırkı məzənnə ilə təxminən 5.4 milyard dollar edir.  Bu, o deməkdir ki, icmal büdcə vasitəsilə il ərzində iqtisadiyyata inyeksiya edilən valyutanın 65%-i elə büdcənin öz xarici öhdəliklərinə yönəldiləcək.
“Yəni ən yaxşı halda hökumət kanalı ilə daxil olan 2 milyard dollar valyuta kütləsi iqtisadiyyatın hökumətdənkənar sektorlarının tələbatına gedəcək”, deyə ekspert düşünür.
Ağayevin fikrincə, Əsas problem odur ki, valyuta gəlirlərinin cəmi 10%-i qeyri-dövlət sektorunun payına düşür. Amma idxalda qeyri-dövlət sektorunun payı 80%-dir.