Kamran Ağayev “Boavista”da növbəti oyununa çıxacaq

Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Portuqaliyanın “Boavista” klubunun heyətində növbəti oyununa çıxacaq. Bu barədə komandanın baş məşqçisi Erwin Sanchez klubun rəsmi saytına açıqlamasında bildirib.
O, Ağayevə yenidən şans verəcəyini deyib: “Qapıda Ağayev duracaq. Bundan əvvəl Mamadu Ba və Meyraya şans vermişdim. Bir oyuna görə, oyunçunun üzərində xətt çəkmək olmaz. Həmişə komanda üçün kimin xeyrinin daha çox olacağına baxmalıyıq”.
Millinin qapıçısı “Boavista”nın heyətində Portuqaliya Premyer Liqasının VI turunda “Porto” ilə səfər oyununda debüt edib. Həmin matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Portuqaliya Premyer Liqasının VII turunda “Boavista” “Moreirense”ni qəbul edəcək. Oktyabrın 2-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.