Nidaçı fəal Amid Süleymanov saxlanılıb, polis məlumat vermir

“Amid Süleymanov dünən 5-ci bölmədən zəng edib polisə çağırıblar. Bu gün saat 9-da polisə gedib, amma hələ buraxılmayıb, üstəlik polis heç bir xəbər vermir” 
Bu barədə Abzas.net-ə nidaçı fəal Məsud Əsgər məlumat verib. O bildirib ki, dünən Amid Süleymanova zəng edib səhər saat 9-da 5-ci polis bölməsinə çağırıblar.
“O da səhər gedib. Amma hələ buraxmayıblar, üstəlik ondan sonra polis heç bir açıqlama vermir. Hazırda biz bölmənin qarşısındayıq, Amid Süleymanovun atası da burdadır”.
Araşdırmaçı jurnalist Xədicə İsmayıl sosial şəbəkədə yazıb ki, polis strukturları gənc fəalla bağlı məlumat vermir. Jurnalist 5 saylı polis bölməsinə zəng edib. O deyib ki, Amid Süleymanovu niyə çağırıb, saxlayıblar? Bölmədən deyiblər ki, o burda yoxdur.
“Deyirəm, axşam zəng edib, sahə müvəkkili çağırıb, deyib ki, səhər 8-də 5 saylı polis bölməsində olsun. Səhər tezdən də onu müşayiət eləyiblər, gözləyirlər uşaqlar. Qapıdan girib, çıxdığını görən olmayıb. Niyə saxlamısız?
– Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə zəng edin
– DİN Mətbuat Xidməti bazar günü işləmir. Siz niyə adamı bazar günü çağırırsız?
– DİN Mətbuat Xidmətinə zəng edin”.