Özünüzü futbolçulardan qoruyun – Rəşad Müseyibzadə

Rəşad Müseyibzadə
 
“Qəbələ” Avropa liqasının qrup mərhələsində oynadığı üçüncü oyununda da məğlub oldu. Üç oyun, üç məğlubiyyət. “Qəbələ” niyə uduzdu, hansı səbəbdən uduzdu yazmaq istərdim, amma yaza bilmirəm. Yazmağıma mane olan səbəblər var. Səbəb odur ki, qorxuram.
Qorxumun səbəbləri də aydındır, öldürülə bilərəm. Niyə? Futbolçu Cavid Hüseynov azadlıqdadır və yenidən “Qəbələ” ilə müqavilə imzalayıb. Tənqidim filan xoşuna gəlməz, qohumları məni çay içib, söhbət etmək adı ilə çağırıb, xəfdən başımdan təpiklə vurub, döyməyə başlayarlar.
Elə bilərsiz ki, xaricdəyəm, rahat yaza bilərəm, amma elə deyil. Bildiyim qədərilə Cavidin xaricdə də qohumları var. Azərbaycandakı qohumları həbs olundu, xaricdə qohumları var. Almaniya səhiyyəsi Azərbaycan səhiyyəsindən dəfələrlə üstün olduğu üçün, bəlkə də həyatımı xilas etmək mümkün ola bilər. Amma ya Azərbaycandakı valideyinlərimə, qohumlarıma hücum eləsələr? Ya onları “razborkaya” çağırsalar? Onlar mənim qədər şanslı olmaya bilərlər, axı.
Azərbaycan məhkəmə sistemi məlum məsələdir, səhiyyəsinə heç güvənmək olmaz. Jurnalistlər də mənim tərəfimi tutmayacaqlar. Məni döyüb, öldürsələr heç bir jurnalist qəbrimin üstünə gəlməyəcək. Amma Allah eləməsin, Cavid yenə həbs olunsa, yenə Cavidin tərəfini tutacaqlar, hətta bir il sonra azadlığa çıxmasını sevinclə qarşılayacaqlar. Çünki Caviddən fərqli olaraq mənim arxamda Kəmaləddin Heydərov durmayıb, mən jurnalistlərə qonaqlıq verə bilmərəm, səfərə aparmağa da imkanım çatmaz, ona görə əlbəttə Cavidin tərəfini tutacaqlar. Onlar üçün fərqi yoxdu axı, bir yazı adamının, bir insanın həyatına son qoyulub. Onlar üçün xaricə səfər etmək, Almaniyada pivə, Fransada şərab içmək, İtaliyada pizza, Çexiyada sosis yemək bütün dəyərlərdən daha üstündür. Ona görə “Qəbələ”ni tənqid filan etmirəm, hələ indiki məqamda heç etmirəm. Çünki Taleh Heydərov Ronaldinhonu Bakıya gətizdirdiyi bir məqamda “Qəbələ”ni tənqidmi etmək olar? Bütün jurnalistlər bəh-bəhlə bu gün şəkil çəkdirib, Cavidin qohumlarından əvvəl jurnalistlər basıb gözümü çıxardarlar.
İki gün öncə də “Neftçi”nin əcnəbi futbolçusu Katalin Tira meydançanın ortasında, hamının gözünün qarşısında azarkeşi döydü. Dünən də yekəpər bir qaqaş instagramda Catalin Tira ilə şəklini paylaşıb, dedi ki, kimin Catalin Tiraya sözü var, gəlsin mənə desin, oturub söhbətləşək. Bir növ Tiraya xalaoğluluq edirdi, Tiranı tənqid edənləri söhbətə çağırırdı. Tanış mənzərədi. Hakimiyyət, polis bir yana özünüzü futbolçulardan qoruyun.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.