Qazaxıstanda türk məktəblərinin adları dəyişdirilib

Qazaxıstanda Fethullah Gülen-in “Hizmet” hərəkatı fəallarının iştirakıyla yaradılan məktəblərin adları dəyişdirilib.
Qazaxıstanda F. Gülenlə bağlılığı olan 33 türk-qazax məktəbi var və onlar 1990-cı illərdən fəaliyyət göstərirlər.
Məktəblərin digər sponsorlarından biri—KATEV fondu bildirib ki, əvvəl türk-qazax liseyləri kimi tanınan bütün məktəblər bundan sonra “Bilim” (Təhsil) İnnovasiya liseyləri adlandırılacaqlar. Fonddan verilən məlumata görə, təhsil ocaqlarının adları Qazaxıstanın Sovet İttifaqından ayrılmasının 25 illiyi münasibətilə dəyişdirilir. Qazaxıstanda müstəqillik günü dekabrın 16-da qeyd olunur.
Qeyd edək ki, Türkiyə hökuməti bütün ölkələri Fethullah Güleni və onun hərəkatını terrorçu kimi tanımağa çağırıb.