Robert Sekuta Bakının Con Kerrinin sözlərinə mənfi reaksiyası ilə bağlı şərh verib

ABŞ dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistan liderlərinin Qarabağ münaqişəsinin həllinə hazır olmaması haqqında bəyanatına Rəsmi Bakının mənfi reaksiyası ilə əlaqədar Amerika səfiri Robert Sekuta Azərbaycanın yüksək vəzifəli nümayəndələri ilə görüş keçirib.
Kerrinin sözlərini şərh etməkdən yayınan səfir ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiq edib.
“Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycanın ərazi bütövlüyü və başqa prinsiplərin nəzərə alınmalı olunduğu barədə dəfələrlə, o cümlədən prezident İlham Əliyevin mart ayında Vaşinqtona səfəri zamanı bəyanat verib”, deyə Sekuta “Amerikanın Səsi” radiosunun Azərbaycan xidmətinə bildirib.
Sekutanın sözlərinə görə, Minsk Qrupu həmsədrləri tərəfləri bir araya gətirmək, məsələləri müəyyən etmək və tərəflərin münaqişənin həll olunması istiqamətində irəliləyə biləcəkləri yolları müəyyən etmək istəyirlər. Lakin, səfir qeyd edib ki, münaqişənin həll olunması barədə yalnız tərəflər özləri razılaşa bilərlər, razılaşma zorla qəbul etdirilə bilməz və bu zorla qəbul etdirmə kənardan ola bilməz
O, ABŞ-ın münaqişə zonasında “insidentlərin davam etməsindən” narahatlığını bildirib.
“Biz Dağlıq Qarabağ münaqişəsində istənilən insan itkisinə dərindən təəssüf edir və dərin hüznlə başsağlığımızı ifadə edirik”, deyə Sekuta bildirib.