Russia Today Hələbin şərqindəki neytral bölgəni görüntüləyib – VİDEO

Russia Today (RT) Suriyada qarşıdurmaların başladığı 2011-ci ildən əvvəl ölkənin ən əhəmiyyətli ticarət mərkəzi olan, bu gün isə qorxulu şəhərə çevrilən Hələbin şərqinə gedərək cəbhə xəttində yaşananları göstərib.
RT müxbiri Murad Hacıyev və bərabərindəki əməkdaşların Suriya ordusuna aid bir mövqedən əldə etdiyi görüntülər, yeni adı Fəth əl Şam olan Əl Nusra Cəbhəsi və İŞİD üzvlərinin idarəsindəki bölgəyə daha yaxından baxma imkanı yaradıb.
Hacıyevin ünsiyyətdə olduğu bölgə sakinləri, terrorçuların heç kimə 300 metrlik ‘neytral’ bölgəni keçmə və Hələbin şərqindən kənara çıxma icazəsi vermədiyini bildiriblər.
Suriya ordusunun üzvü olduğu aydın olan bir qaynaq, “Bizim tərəfimizdəki vətəndaşların qaça biləcəyi bir çox açıq yol var və bəziləri qaçmağı bacarıb. Ancaq snayperlər gördükləri yerdə vətəndaşlara atəş açır və vətəndaşların bölgəni tərk etməsinə icazə vermir”, – deyə vurğulayıb.
Dinc sakinlərin qohumlarını görmələri üçün Hələbin şərqini tərk etmələrinə əvvəldən icazə verildiyini ifadə edən qaynaq, ancaq vəziyyətin tamamilə dəyişdiyini və terroristlərin bölgəni keçməyə çalışan hər kəsə atəş açdığını qeyd edib.