“Türk əsgəri özünü İraq torpaqlarında piknikdə zənn etməsin”

İraq Baş naziri İbadi Başika düşərgəsindəki türk əsgərləri haqqında, “Olduqları yerdən hərəkət etməmələrini təklif edirik. Özlərini İraq torpaqlarında gəzintidə sanmasınlar. İraqda gəzinti yox, İŞİD ilə müharibə var, biz Mosulu IŞİD-dən geri aldığımızdan sonra onları qonaq olaraq dəvət edəcəyik”, – deyə açıqlama verib.
Şiələrin müqəddəs məkanı Kərbəlanı ziyarət edən İraq Baş naziri Heydər əl İbadi Başika düşərgəsindəki türk əsgərləri səbəbiylə Ankara və Bağdad arasında yaşanan müzakirələrə toxunub:
“İraq sərhədləri daxilində olan türk qüvvələrinə hərəkət etməmələrini təklif edirik. Türkiyənin İraqda güc saxlaması mövzusunda israrını təəccüblə qarşılayıram”.
İbadi əlavə olaraq Mosulda yerləşən türk əsgərləri ilə bağlı da danışıb:
“Türkiyə hökuməti əsgərini İraq torpaqlarında döyüşə sövq etməsin. Türk əsgərinin burada olması İraqın suverenliyinə müdaxilədir və daha əvvəl də dediyim kimi onlar özünü İraq torpaqlarında gəzintidə hiss etməsin. Mosulu İŞİD-dən geri qaytardıqdan sonra onları qonaq kimi çağıracağıq, amma hələlik türk əsgərinə İraqda yer yoxdur. Çünki biz İŞİD ilə döyüşlə məşğuluq və Türkiyə hərbçilərinin burada olması bizə mane olur. Mosulun qaytarılması əməliyyatına Türkiyənin heç bir aidiyyatı yoxdur və hansısa şəkildə müdaxilə etmələrinə imkan verməyəcəyik”.