Vəkil: Akif Çovdarov cinayət işinin materialları ilə tanış ola bilməyib

Akif Çovdarov
Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun məhkəmə prosesi üzrə hazırlıq iclası davam edib.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasa jurnalistlər buraxılmayıb. Məhkəmədə polislər jurnalistlərə onlara belə göstəriş verildiyini deyiblər. Proses başa çatandan sonra jurnalistlərə açıqlama verən vəkil Cavid Rzazadə isə bildirib ki, iclasda Akif Çovdarovun vəkili Kamandar Nəsibov cinayət işi ilə tanış olmaq üçün vaxt istəyib. Kamandar Nəsibov müdafiə etdiyi şəxslə yeni müqavilə bağladığını, işlə tanış olmaq üçün vaxta ehtiyacı olduğunu deyib. Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış edərək bildiriblər ki, cinayət işinə Bakı Hərbi Məhkəməsində baxıldığı üçün onların barəsində həbs-qətimkan tədbiri də Bakı Hərbi Məhkəməsində seçilməlidir. Ancaq həbs qərarı Səbail rayon Məhkəməsi tərəfindən verilib. Vəkillər bunun qanunazidd olduğunu deyiblər. Bildiriblər ki, həmin şəxslərin işi Hərbi Məhkəmədə araşdırıldığı üçün bu yolverilməzdir. Hakim vəsatətin növbəti iclasda müzakirə ediləcəyini deyib. Təqsirləndirilən Akif Çovdarov isə xəstə olduğunu, cinayət işinin materialları ilə tanış olmadığını deyib.
Vəkil Cavid Rzazadənin sözlərinə görə, Dövlət Təhlükəsizlik Xidməti də mülki iddia ilə məhkəməyə müraciət edib. Vəkil iddia ilə tanış olmadıqlarını, xidmətinin nümayəndələrinin də iclaslarda iştirakının gözlənildiyini deyib.
Məhkəmənin hazırlıq iclası oktyabrın 19-da davam etdiriləcək.
Təqsirləndirilən şəxslər – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.