Vyanada neft hasilatının məhdudlaşdırılması müzakirə edilir

Bu gün Avstriyanın paytaxtı Vyanada Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələrinin yüksək səviyyəli komitəsinin iclası keçirilir.
İclasın əsas məqsədi neft hasilatının məhdudlaşdırılmasını razılaşdırmaqdır.
Toplantı iştirakçıları OPEC ölkələri arasında bu ilin sentyabrında Əlcəzairdə imzalanmış sazişinin həyata keçirilməsinə dair qeyri-OPEC ölkələri ilə məsləhətləşmələr aparır.
İclasda Azərbaycanı energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
İclasa Azərbaycanla yanaşı, neft hasil edən qeyri-OPEC ölkələrindən Rusiya, Qazaxıstan, Bəhreyn, Boliviya, Braziliya, Bruney, Kanada, Misir, Kolumbiya, Norveç, Malayziya, Oman, Meksika, Trinidad və Tobaqo da dəvət edilib.
Bir gün əvvəl OPEC ölkələri hasilatın məhdudlaşdırılmasına dair toplantı keçirsələr də, bu iclasda yekdil qərar əldə edilməyib.