Ən yaxşı Karma – demokratiyadır

Şahvələd Çobanoğlu
Qanunsuzluğu və quldurluğu təmsil etmiş Akif Çovdarovun və Azərbaycan sərvətlərinin talan edilməsinin fəal fiquru olmuş, bizə məxsus milyardları xarici hesablara ötürmüş Cahangir Hacıyevin hazırda məhkəmələri gedir və ara-sıra onların iniltisini eşidirik.
Bu adamların qazdığı quyuya düşməsi, odun atdıqları ocaqda yanması “tamaşaçılara” – ölkənin taleyində iştirakdan uzaqlaşdırılan, öz taleyinə yalnız kənardan seyr etmək imkanı verilən və əslində eyni quyuda çabalayan, eyni ocaqda yanan bizlərə çox xoş gəlir. “Yediyini qusacaqsan” deyənlər də var, “Haqq gec-tez yerini tapır” söyləyənlər də. Hətta bu arada mövcud hakimiyyətin qanunsuz əməllərində yer almış və sonradan cəzalandırılmış məmurların siyahısını tutanlar da oldu. Bunu karma, fövqəl ədalət, əməllərin cəzası, əkdiyini biçmək sayanlar da vardı.
Çovdarov əli qana batmış biridir, Cahangir Hacıyev kimilərinin ağır əməllərindən də bu ölkədə həyatları sınmış çox sayda adam var. Onlar da, digərləri də şübhəsiz cinayətkarlardır. Amma onların indiki cəzası ədalətin bərpasıdırmı? Onlar əməllərinə görə layiq olduğu cəzanı alırlarmı?
Bir neçə məqama diqqət ayıraq:
 –  Sözügedən kəslər bu gün məhşər ayağına çəkilmiş kimi görünsələr də, adətən layiq olduqlarından az cəza alırlar;
 –  Hakimiyyətə qarşı siyasi dirəniş və üsyan etmirlərsə, tezliklə azadlığa çıxırlar;
 –  Onları mühakimə edənlər də onların tayıdır;
 –  Onları ədalət naminə mühakimə etmirlər;
 –  Onların təmsil etdiyi sistem dəyişmir…
Təbii ki, bütün hallarda onları o kürsüdə, o halda, o iniltidə görmək xoşdur. Özlüyündə bu hadisələrin ictimai əhəmiyyəti də böyükdür. İstər-istəməz idarəçiliyin cinayətkar xarakteri bir daha açılır, detallaşır, xırdalanır, üstəlik, yuxarılarda nələr baş verdiyi konkret hallarla üzə çıxır, bir gözüçıxmış qardaşın acısı digərləri üçün, elə hamı üçün dərs almaq imkanına (alsalar da, almasalar da) çevrilir. Kimlərsə pis-yaxşı cəzasını da almış olur. Ən başlıcası, həqiqət yenidən məğrur duruşunu göstərə bilir və hər kəsə səslənir ki, Azərbaycan adlı sevimli yurdunuz bəlalar içindədir və daha dərin bəlalara doğru gedir, sizi aldadırlar və s.
Amma bu, nə ədalətin bərpasıdır, nə də təntənəsi. Ədalət adına heç nə yoxdur bu olaylarda. Daxili haqq-hesablar, kiminsə yanması necə ədalət ola bilər ki?!
Karmaya gəldikdə, bu barədə söylənilənlər daha böyük yanlışın ifadəsidir. Haqsızlıq bizim xalqı o qədər küncə sıxışdırıb ki, bəzən hansısa talançı məmurun qəzaya düşməsini də Karma sayırlar. Bu cür fikirlərin ortaya çıxması çox acıdır. Çünki şəxsən mən cəmi 2000 manatlıq müalicəni elədə bilmədiyinə görə bir övladını itirən, 1200 manatlıq qlaukoma əməliyyatına pulu olmadığına görə isə digər övladı kor olan ailə tanıyıram. Bir nümunə kimi xatırladıram bunu. Və Karma bu ailəyə zillət yaşadanların qarşını hələ də almayıb….
Hələ öz zamanında indiuzmin insanlarda Karmaya hədsiz inam aşıladığını görüb Budda ətrafdakılarını demişdi: “Karma olmaya da bilər”. Son nəticəyə təkcə bir əməlin və niyyətin deyil, çox sayda faktorun təsir etdiyini deyən Budda belə bu məsələdə rasional olmağı təklif edirdi.
Karma yoxdur, dostlar! Haram pulların gətirdiyi aşırı əyləncələr zamanı törənən qəzalar, mənəvi yoxsulluğun yaratdığı bəzi qarşıdurmalar, cinayətkar xislətlərin haqq-hesablarında kimlərinsə yanması, indiki halda bundan söhbət gedə bilməz, amma bəlkə bəzən kiminsə vicdana istinad etmək istəyinə görə vurulması Karma deyil. Təbii ki, bu adamlar xoşbəxt deyillər, mənəvi nizama söykənən ömür sürmürlər, böyük sərvətlərlə bərabər ziddiyyətlərin və aşınmaların içində yaşayırlar, lakin onların bu cür bəlaları Karmadan deyil, ədalətin də bərpası deyil.
Heç kimin inam və doktrininə iradım yoxdur. Fəqət…
Əgər Karma olsaydı, ən yaxşı Karma demokratiyanın gəlişi olmazdımı?! Möhtəşəm ədalət məhkəməsi ilə, cəzaların ədaləti ilə. cinayətkarın cəzalandığı, haqqın qorunduğu hüquq və siyasət sistemi ilə. Humanistliyi ilə, şəffaflığı ilə. Yoxsa daxili haqq-hesab çürütmələrində kiminsə cəzalandırılması, yaxınların xəstələnməsi və ölümü, qəzalar və toqquşmalar nə karma sayıla bilər, nə ədalətli cəza, nə də ölkədə ədalətin bərpası.
Ədalət çox uzaqdadır və hətta məhkəmələrin həyətlərinə buraxılmır!