2017-ci ildə hüquq-mühafizə orqanları işçilərinin əmək haqlarının artırılması prioritet olacaq

Gələn ilin dövlət büdcəsində maaşların artımı üçün 245 mln. manat nəzərdə tutulur. 2016-cı ilin yenidən baxılan büdcəsində əmək haqqı fondu üçün 3.833 mlrd. manat nəzərdə tutulmuşdu, 2017-nin proqnozunda 4.077 mlrd. manat nəzərdə tutulur.
Məhkəmə və hüquq-mühafizə bölməsi üzrə əmək ödənişi xərcləri 2016-da 740 mln. nəzərdə tutulmuşdu, 2017-də 814 mln. manat proqnozlaşdırılır.
2016-cı ilin yenidən baxılan büdcəsində təhsil sektorunda əmək haqqı xərci kimi 1.229 mlrd. manat nəzərdə tutulmuşdu, gələn il üzrə göstərici 1.247 mlrd. manatdır.
Səhiyyə bölməsi üzrə 396 mln. manat nəzərdə tutulmuşdu, 2017-də 386 mln. manat proqnozlaşdırılır.
Sosial müdafiə bölməsində təqaüd və sosial müavinətlər üçün 1.966 mlrd. manat nəzərdə tutulub (2016-cı ildə  1. 974 mln. manat olub).
İqtisadçı Rövşən Ağayev hesab edir ki, 2015-ci ildə manatın devalvasiyasından sonra Azərbaycanda istehlak xərcləri ən azı 40-45% artıb.
2015-ci ildə hökumət dövlət büdcəsindən maliyyələşdirilən təşkilat və müəssisə işçilərinin əmək haqlarını 10% artırmışdı.
Büdcə təşkilatlarında vəzifəli işçilərin orta aylıq əməkhaqqı 450 manatdan (263 ABŞ dolları) çox deyil.