ABŞ-ın yeni seçilən prezidenti Donald Trump kimdir?

Bu gün ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri bəlli oldu. Amerikalı milyarder, tikinti maqnatı Donald Trump növbəti müddət üçün Birləşmiş Ştatların prezidenti olacaq. Azərbaycanda da tanınan fiqur olsa da çox adama yaxından tanış deyil. Ona görə Trump haqqında ətraflı məlumat təqdim edirik. 
Donald Trump 1946-cı il 14 iyunda ABŞ-ın Nyu-York ştatının Kunise şəhərində anadan olub. Atası Fred Trump, anası isə Mary Anne MacLeod-dur. Ata tərəfdən alman əsilli olan Trump-ın anası isə şotland ailənin qızıdır. Trump-ın iki bacısı, iki qardaşı var.
Orta məktəbi doğma şəhərində oxuyan biznesmen, bakalavr təhsilini iqtisadiyyat üzrə 1968-ci ildə Pensilvaniya Universitetində alıb.
Biznes karyerasına atasının şirkətində başlayan Donald 1971-ci ildə şirkətin rəhbərliyinə keçir. Bundan sonra şirkətdə dəyişikliklər edir və fəaliyyətini daha da genişləndirir.
Milyarder əsasən daşınmaz əmlak sahəsində fəaliyyət göstərib. Sinsinatti və Ohayoda çoxlu sayda daşınmaz əmlak əldə edən Trump daha sonra bu əmlakı satışa çıxarır və 12 milyon dollar qazanır. Bunun 6 milyon dollarını atasının şirkətinə xalis gəlir kimi verən yeni biznesmen, əldə etdiyi kapitalı götürərək Nyu-Yorka gəlir və məşhur Manhettendə yerləşir.
Nyu-Yorkda dövr edən böyük kapitalı görən Trump bu şəhərə yerləşmək qərarına gəlir. İnşaat şirkəti quran Donald qısa müddət ərzində Nyu-Yorkun və Pensilvaniyanın iri inşaat layihələrini əldə edərək kapitalını artırır. Onu ən çox məhşurlaşdıran işlərdən biri də Manhettendə tikdirdiyi nəhəng “Trump Tower” göydələnidir.
Onun şirkəti qısa müddət ərzində Nyu-Yorkun iri stansiyalarının, yollarının, körpülərinin tikintisini və yenidən qurulmasını həyata keçirir. Daşınmaz əmlak bazarında böyük pay sahibinə çevrilən Trump daha sonra gələcəyin ən bahalı markalarından olan “Trump-Plaza” layihəsini həyata keçirir. Hazırda bu markanı satmaqla və bu marka altında fəaliyyət göstərən şirkətlərə şərik olmaqla Trump hər il yüz milyonlarla dollar pul qazanır.
2008-ci ildə ABŞ iqtisadiyyatını vuran maliyyə böhranı həmin il Trump-a əmlakının bir hissəsini satmağa ciddi maneə törətdi. Satışın ləngiməsi biznesmenin alman “Deutsche Bank”ına 40 milyon dollar borcunun yaranmasına gətirib çıxardı.
Daha sonra Trampa məxsus bir neçə şirkət rəsmən öz iflasını elan etdi. 2013-cü ildə Moskvaya gələn Trump burada təşkil etdiyi “Dünya gözəli – 2013” yarışması ilə yenidən dünya mediasının gündəminə gəldi.
Trump prezident seçkilərinə qatılır
D.Trump 2015-ci ildə isə rəsmən prezident olmaq istədiyini elan edərək kampaniyaya başlayıb. Bütün seçki qabağı rəy sorğuları, proqnozlar Trump-ın uduzacağı yönündə olsa da, milyarder çox adamı təəccübləndirdi. Amerikanın digər prezidentlərindən fərqli olaraq Donald Trump bundan əvvəl heç bir siyasi vəzifə tutmayıb.
O, ilk olaraq Respublikaçıların tək namizədi uğurunda mübarizə aparır. Bu zaman da Trump çox insanı təəccübləndirir. Partiyanın siyasi elitasına yaxın, onların dəstəklədiyi bir çox namizədi məğlub edən Trump, mühafizəkarların vahid namizədi olur.
Prezident seçkilərinin kampaniya dövründə onun çıxışlarının bir çoxu etirazlarla qarşılandı. O bildirirdi ki, müsəlmanları ölkəyə buraxmaq lazım deyil, qeydiyyatı olmayan miqrantları öz ölkələrinə deportasiya etmək lazımdır, Meksika elə sərhəddə böyük divar tikmək lazımdır və s.
Bütün bu dediklərinə baxmayaraq, qələbə çıxışında Donald Trump deyib ki, mən bütün amerikalıların prezidenti olacağıma söz verirəm: “Hamımız – demokratlar da, respublikaçılar da, müstəqillər də bir olub ölkəmizi daha da güclü etməliyik”.