AKP “cinsi təcavüz” qanun dəyişikliyini geri götürüb

Bu gün Türkiyə Parlamentində yekun səsverməyə qoyulması gözlənilən “cinsi istismar düzəlişi” qanunu gündəliyə çıxarılmayıb. Məlum olub ki, düzəliş təklifi gerə çəkilib və milli məclisin komissiyasına qaytarılıb. 
Bundan əvvəl prezident Tayyib Erdogan noyabrın 21-də AKP-yə çağırış edərək “müzakirə ilə problemin həllində fayda var, hökumət tənqidləri və təklifləri diqqətə almalıdır” fikirlərini səsləndirib.
İctimaiyyətdə “cinsi istismar düzəlişi” olaraq adlandırılan və təcavüz edənlərin əfv ediləcəyi iddia edilən dəyişiklik təklifinin geri qaytarılmasını baş nazir Binali Yıldırım Atatürk Hava Limanında açıqlayıb.
O, açıqlamasında deyib ki, erkən yaşda evlilik, erkən yaşda cütlüklərin öz iradələri və ya ailələrinin razılığı ilə evlənmələri, razılıq olsa belə qanunla cinayətdir:
“AKP iqtidarı dövründə əvvəl belə bir cinayət yox idi. İqtidar olaraq həm gəncləri, həm də ailəni qorumaq üçün yetkinlik yaşına çatmayan gənclərin evliliklərinə qadağa qoyuldu və cinayət məcəlləsində  dəyişiklik edilərək məsuliyyət müəyyən olundu. Ancaq bu dəyişikliyi bilməyən bilməyən gənclər 17-18 yaşlarından əvvəl evlənirlər. O evlilikdən uşaqlar olanda onların qeydiyyata alınmasında və ya doğum vaxtı gənclər bilir ki, yetkinlik yaşına çatmadan evlənmək cinayətdir. Beləliklə kişi həbsxanaya gedir, qadın isə uşaqlar ortada qalır. Yəni gənclərin reallaşdırdığı bu evliliyin günahını uşaqlar çəkir”.
Baş nazir deyib ki, onlar söz veriblər, cəmiyyətin bütün problemlərini həll edərək bu günlərə gələn AKP-nin bir prinsipi var, problemləri nəvələrə ötürmək yox, həll etmək lazımdır. O deyib ki, ona görə bu işi həll etməliyik.
“Məclisə bir qanun dəyişikliyi təqdim elədik, birdən-birə qiyamət qopdu. Müxalif partiyaları da uzlaşmaya çağırdıq, “təklifiniz varsa gətirin, problemi həll edək” dedik, amma təklifimizi qəbul etmədilər. Eyni zamanda bu təklifi siyasi alət kimi istifadə edib yenə çox vacib bir problemin həllini  gecikdirdilər. Əlavə olaraq ictimaiyyətdə də bu yöndə çaşqınlıq yaratmağı bacardılar. Prezidentin də bu məsələ ilə bağlı razılaşma çağırışı oldu. Həm cəmiyyətdə bu məsələdə razılaşma əldə edilməsi, həm prezidentimizin bu məsələdə çağırışı, həm də müxalifət partiyalarına öz təkliflərini təkmilləşdirmək üçün zaman verilməsi baxımından parlamentdəki dəyişiklik təklifini komissiyaya geri qaytarırıq. Komissiya bütün tərəflərin təkliflərini alaraq dəyərləndirib bu məsələni mütləq həllinə çatacaqdır”, – deyə Binali Yıldırım deyib.