Ali Məhkəmə İlqar Məmmədovun şikayətini təmin etmədi

Noyabrın 18-i Ali Məhkəmə “REAL” sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun Şəki Apellyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayətinə baxıb.
Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə şikayəti təmin etməyib.
Vəkillər İlqar Məmməduvun barəsində olan hökmün ləğv edilməsi və onun azadlığa buraxılmasını istəyiblər.
Tofiq Yaqublu isə məhkəmədə şərlənərək həbs edilməsi və 3 il 1 ay həbsdə qalmasına görə 500 min avro təzminat tələb edib.
Qeyd edək ki, İlqar Məmmədovla Tofiq Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. İlqar Məmmədov 7, Tofiq Yaqublu isə 5 il azadlıqdan məhrum edilib. Bu ilin martında isə Tofiq Yaqublu prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.
 2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun şikayətini təmin edərək onun azadlığa buraxılması barədə qərar qəbul edib.