Almaniyada azyaşlıların evliliyi qadağan edilir

Almaniyanın ədliyyə nazirləri ölkədə azyaşlıların evlənmələrini qadağan edən təklif üzərində razılığa gəliblər. Təklif edilən qanun dəyişikliyinin bu ayın sonuna qədər Federal Məclisə təqdim ediləcəyi bildirilir.
Abzas.net-in məlumatına görə, Berlində toplaşan federal və əyalətlərin ədliyyə nazirləri 16 yaşına çatmayan şəxslərin evliliyinin qanunsuz sayılması ilə bağlı konsensusa gəliblər.
Almaniyanin federal ədliyyə naziri Heiko Maas deyib ki, bəzi nazirlər, ümumiyyətlə, 18 yaşına çatmayan gənclərin evliliklərinin qadağan edilməsini təklif ediblər.
Bundan əlavə, Almaniya Daxil İşlər Nazirliyi də azyaşlılara imam kəbinini kəsdirilməsini qadağan etmək və kəbin kəsən imamların cəzalandırılması üçün hərəkətə keçib.
Qeyd edək ki, Almaniyada 1475 nəfər azyaşlının evli olduğu, bunların da 481-nin 16 yaşından az olduğu bildirilir. Erkən evlənənlərin əksəriyyəti Suriya, Əfqanıstan və ya İraq vətəndaşlarıdır.