ANS-in məhkəməsi davam edir: “3 milyondan artıq ziyana düşmüşük”

“ANS eləmədiyi işə görə cəzalandırılıb. İyulun 18-də Teleradio Şurası telekanalın yayımının bir aylıq dayandırılması barədə qərarında yazır ki, guya, Türkiyənin Azərbaycandakı səfiri onlara müraciət edib, ANS-də efirə gedən materiallarla bağlı narahatlığını bildirib. Amma elə həmin səfir iyulun 17-də Mirşahinə müsahibəsində Türkiyədəki çevriliş cəhdilə bağlı olayları hərtərəfli işıqlandırdığına görə ANS-ə təşəkkür edib. Bu necə olur?!”
Bu sözləri ANS Yayım və Media Şirkətinin hüquqşünası Sevda Məhərrəmova noyabrın 4-də Bakı Apelyasiya Məhkəməsindəki çıxışında dilə gətirib.
Azadlıq Radiosunun məlumatına görə, Kəmalə Abıyevanın sədrlik etdiyi hakimlər kollegiyası noyabrın 4-də ANS-in bir neçə şikayətinə baxıb. Şikayətlərin hamısı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnamə və qərardadlarından verilib.
Buna da baxın: Mirşahin Ağayev: “Ən vacib budur ki, haqq qalib gəlir” – VİDEO
“Milyonlarla ziyan dəyib”
Teleradio Şurasının iyulun 18-də verdiyi qərarın qanunsuz sayılması və ləğvi barədə qərar çıxarılması üçün ANS İnzibati-İqtisad Məhkəməyə müraciət etmişdi. Bu iddiaya baxılarkən ANS nümayəndələri məsələ qaldırmışdı ki, “ANS Commers” şirkəti də üçüncü tərəf kimi prosesə cəlb olunsun, çünki telekanalda, eləcə də “ANS ÇM” radiosunda efirə gedən bütün reklamların yerləşdirilməsi, maliyyə məsələsi bu şirkətin səlahiyyətində olub. O qurum da öz növbəsində efirdə reklamların yerləşdirilməsindən ötrü müxtəlif şirkətlərlə müqavilələr bağlayıb, öhdəliklər götürüb.
Bu baxımdan, yayımın qəfil dayandırılması “ANS Commers”ə də milyonlarla manat ziyan vurub, onu reklam müqaviləsi bağladığı şirkətlər qarşısında pis vəziyyətdə qoyub. Ancaq o zaman hakim bu şirkətin ANS-lə Teleradio Şurasının məhkəmə davasına tərəf kimi cəlbinə razılıq verməmişdi. Apelyasiya şikayətlərindən biri də həmin qərardaddan verilmişdi.
Buna da baxın: “İlham Əliyev ANS-i heç vaxt güdaza verməz”
Noyabrın 4-də keçirilən məhkəmədə ANS-in hüquqşünası Sevda Məhərrəmova bu məsələdən danışarkən deyib ki, şirkət o vaxtdan bəri televiziya reklamlarından 2 milyon 953 min, TV sponsorluğundan 356 min, TV paketdən 46 min manat ziyana düşüb.
Amma Apelyasiya Məhkəməsi də şikayəti təmin etməyib.
“Bəs “ANS ÇM” radiosu, “anspress” saytı niyə qapadıldı?”
1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi Teleradio Şurasının 18 iyul tarixli qərarının qanunsuz sayılması barədə iddianı da təmin etməmişdi. Həmin qətnamədən verilmiş apelyasiya şikayətinə baxılarkən ANS-in hüquqşünası Sevda Məhərrəmovavəkili Raqif Mustafayev gileyləniblər ki, məhkəmələr Teleradio Şurasının bu telekanalda Fethullah Gülen-e dəstək verilməsi, terrorçuluğun təbliği barədə iddialarını əsas götürüb lisenziyanın ləğvi barədə qərar çıxarır, amma efirdə yayımlanmış materiallara baxış keçirilmir.
Buna da baxın: Mirşahin Ağayev: “İlham Əliyevin siyasi kursu da elə bu təfəkkürə əsaslanıb”
Məhkəmə həm ANS-in, həm də Teleradio Şurasının təqdim etdiyi, Türkiyədə dövlət çevrilişinə cəhd günü (iyulun 15-də – red.) və ondan sonrakı iki gün ərzində bu telekanalda efirə getmiş materialların bir qisminə baxış keçirib. Həmin materiallar arasında Türkiyənin Azərbaycandakı səfirinin ANS-də “Hesabat” verilişində Mirşahin Ağayevə müsahibəsi də olub.
Videomaterialların nümayişindən sonra Sevda Məhərrəmova deyib ki, bu kadrlarda ANS-in terroru təbliğ elədiyininə dair iddia irəli sürmək absurddur: “Bu kadrlar telekanalın yayımının dayandırılması barədə Şuranın qərarında göstərilən arqumentlərin həqiqətə uyğun olmadığını göstərir. Qərarda yazdıqlarının heç biri efirə gedən kadrlarda yoxdur. Yaxşı, telekanalın yayımını dayandırdınız, bəs həmin gün “ANS ÇM” radiosu, “anspress” saytı niyə qapadıldı?”.
Buna da baxın: Vahid Mustafayevin saytlardan çıxarılan çıxışı – tam mətn
“Həmin kadrlar təxribat məqsədilə göstərilib”
Teleradio Şurasının əsas arqumentlərindən biri də ANS-in ABŞ-dakı müxbiri Qənirə Ataşovanın Fethullah Gülen-le müsahibəsi olub. Amma Sevda Məhərrəmovavurğulayıb ki, ANS-in əməkdaşı Gülen-dən müsahibə götürməyib və üstəlik, o materialın nə özü, nə də anonsu efirdə yayımlanıb:
“Həmin kadrlar təxribat məqsədilə göstərilib. Şura cavab versin ki, ANS-in efirində yayımlanmamış o kadrları haradan taparaq məhkəməyə təqdim edib? Qənirə Ataşova oraya Erdoğanı dəstəkləyənlərin Gülen-in evi qarşısında keçirdiyi etiraz aksiyasını işıqlandırmağa gedib. Aksiyada məlum olub ki, Gülen mətbuat konfransı keçirir. Həmin mətbuat konfransında türk jurnalistlər, o cümlədən Türkiyənin “İhlas” xəbər agentliyinin əməkdaşı da iştirak edib”.
Buna da baxın: Mirşahin Ağayev: “Dövlətin imicinə ziyan vurmamalıdır”
Teleradio Şurası təmsilçisinin cavabı
Teleradio Şurasının nümayəndəsi Toğrul Mirzəzadə cavabında deyib ki, həmin materialın efirə getməsinin qarşısı müəyyən orqanların müdaxiləsiylə alınıb:
“Rəhbərliyin xəbəri olmadan Qənirə Ataşovanın o mətbuat konfransında iştirakı inandırıcı deyil. Mirşahin özü də sonradan müsahibəsində demişdi ki, “bizim müəyyən xətalarımız olub, türkiyəli jurnalistlər çıxanda, Qənirə Ataşova da oradan çıxmalı idi”.
Məhkəmə bu apelyasiya şikayətini də təmin etməyib. ANS Bakı Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək.