Azərbaycanda yollar necə çəkilir və niyə tez dağılır? [Foto-video]

“Azərbaycan prezidenti İlham Əliyev ölkədə nəqliyyat infrastrukturunun inkişafına olduqca böyük əhəmiyyət verir. Son illər ərzində nəqliyyat infrastrukturunun inkişafına 25 milyard ABŞ dolları yönəlib. Bu vəsait hesabına Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, 1000 kilometrdən artıq beynəlxalq əhəmiyyətli avtomobil yollarının, dəmir yollarının rekonstruksiyası və tamamilə yenilənməsinə xərclənib”
Bu sözləri Azərbaycan Respublikası baş nazirinin müavini Abid Şərifov deyib. Hökumət nümayəndələri tez-tez ölkədə nəqliyyat infrastrukturuna xüsusi diqqətdən, milyardlarla sərmayənin qoyulmasından danışırlar. Azərbaycanda şəhər, rayon, qəsəbə daxili yolların da çəkilişinə milyonlarla manat, dollar vəsait xərclənib.
Bu qədər pul xərclənəndən sonra belə bir sual meydana çıxır ki, bu qədər sərmayənin qarşılığında Azərbaycanda yolların vəziyyəti qənaətbəxşdirmi? Bu dəfəki reportajımızda çalışacağıq bu suala cavab tapaq. Mövzu yolların necə çəkilməsi ilə bağlıdır. Bir neçə nümunə ilə göstərməyə çalışacağıq ki, Azərbaycanda yollar necə çəkilir və hansı səbəblərdən qısa bir müddətdən sonra o yeni yollar dağılır.
Açılışında prezident İlham Əliyevin də iştirakı gözlənilən Sabunçu-Ramana avtomobil yolunun tikintisi başa çatmaq üzrədir. Artıq yolun böyük bir hissəsinin çəkilişi tamamlanıb. Amma həm rəsmi məlumatlarda yazılanlar görülən işlərlə üst-üstə düşmür, həm də adi müşahidəçi kimi yollara baxanda aydın görünür ki, keyfiyyətsiz iş görülüb və yolların qısa müddətdə dağılmaq ehtimalı yüksəkdir.
Rəsmi məlumata görə, Sabunçu-Ramana yolunun çəkilişinə dövlət büdcəsindən 1.6 milyon manat vəsait ayrılıb. Yolunun uzunluğu 5,7 km, mövcud eni isə 7-8 metr arası dəyişir. Layihəyə uyğun olaraq yol 10 metrə qədər genişləndirilərək 2 hərəkət zolağından ibarət olacaq. Hazırda vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 1.5 metr enində piyada səkilərinin tikintisi və yol boyu yeni səki daşlarının düzülməsi işləri aparılır.
yol ramana
Yeni çəkilən Sabunçu-Ramana yolu
Rəsmi məlumatdan da göründüyü kimi, əslində sakinlərin təhlükəsiz hərəkəti üçün səkilərin tikintisi nəzərdə tutulsa da, yol boyu az yerdə (görünür həmin hissələr rəsmi açılışın keçiriləcəyi, çəkilişin olacağı hissələrdi) səkilər tikilib. Səkilərin tikilmədiyi yerlərdə də vətəndaşlar şikayətlənir ki, niyə yolun digər hissələrinə səkilər düzülməyib. Adının çəkilməsini istəməyən vətəndaş deyir ki, onlar da bu ölkənin vətəndaşlarıdır, onlar da bu yoldan istifadə edir:
“Niyə yolun az bir hissəsinə səkilər çəkilib, amma biz tərəfə çəkilməyib? Biz də bu yoldan istifadə edirik, övladlarımızı məktəbə aparırıq, işə gedirik. Təhlükəsizlik baxımından da düzgün deyil ki, biz yolun maşınlar olan hissəsi ilə gedək-gələk. Qış aylarında da yolun bizimçün olan hissəsində hərəkət etmək mümkün deyil, palçıq dizdən olur”.
ramana yolu
5.7 km olan Sabunçu-Ramana yolunun az bir hissəsində səkilər tikilib
Yolun böyük bir hissəsində səkilərin olmaması bir yana, əslində 1.5 metr enində piyada səkilərinin tikintisi nəzərdə tutulsa da, yolu çəkən qurum qoyulan minimum tələbi də yerinə yetirməyib.  Səkilərin bəzi hissələrində heç iki nəfərin normal yeriməsi mümkün deyil.
Dövlət qurumunun açıqlamasında deyilir ki, tikinti layihəsi çərçivəsində hazırda yol boyu zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, daha sonra karbonat materialı tökülərək yenidən kipləşdirilir. Bundan başqa optimal qırmadaş qarışığından ibarət əsasın inşası aparılaraq yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir və hazır hissələrə 2 qat olmaqla  yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
keyfiyyətsiz yol
Yeni çəkilən Sabunçu-Ramana yolu
Rəsmi məlumatdan bildirilir ki, yollar standartlara uyğun tikilir. Ekspertlərin də dediyinə görə, əslində Azərbaycanda yolların tez sıradan çıxmasının əsas səbəbi korrupsiyanın mövcud olmasıdır. Belə ki, tikinti zamanı yeyinti halları baş verir və nəticədə yollar normal standartlarda çəkilmir. Nəticədə keyfiyyət aşağı olur. Beləliklə, bir neçə ilə yollar dağılır.
Görüntülərdən də bəlli olur ki, dövlət qurumunun əslində etməli olduğu “yol yatağının yararsız qruntu qazılaraq çıxarılması” və “karbonat materialı tökülərək kipləşdirilməsi” həyata keçirilmir. Torpaq yolun üstündən asfalt çəkilir və bununla da iş bitmiş olur. Hətta yolun bəzi hissələrində su gölməçələrinin üstündən asfalt çəkilir.
Ramana kəndinə gedən yol
Ramana kəndinə gedən yol
Yerli sakinlər şikayət edirlər ki, Sabunçu-Ramana yolunun çəkilişi də hesabat xatirinə çəkilib. Çünki nə piyadaların normal hərəkəti heç bir şərait yaradılmayıb, nə də keyfiyyətli yol çəkilməyib, bir neçə ilə çəkilən yol dağılacaq. Üstəlik, tikinti işləri zamanı Ramana kəndinin sakinləri də nəzərə alınmayıb. Belə ki, yolun çəkilişi Ramana kəndinin girəcəyinə qədər çəkilib, kəndin yolları isə olduğu kimi qalıb.
Azərbaycanda yolların necə çəkilməsi ilə bağlı daha bir nümunə Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində gedən yol-təmir işləridir.  “Azəravtoyol” yağışlı havanın olmasına baxmayaraq təmir işləri həyata keçirib. Bu təmir işi bir neçə gün əvvəl başa çatıb. Tusi küçəsində də yerli sakinlər bildirdilər ki, bu havada yollara asfaltlanmasından narahatdırlar. Onlar deyirlər ki, bir-iki ildən sonra yol yenidən pis vəziyyətə düşəcək.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən mövzu ilə münasibət almağa çalışsaq da dövlət qurumundan telefonlarımıza cavab verən olmadı. 
Xətai Rayonu, Nəsrəddin Tusi küçəsi
Yağışlı havada Nəsrəddin Tusi küçəsi təmir olunur
20161128_162701 20161128_162843 20161128_161331 20161128_161312 20161128_161231 20161128_154724 20161128_154731 20161128_161229 20161128_155501 yol ramana
20161117_161443 20161117_161719 20161117_161612 20161117_161622 20161117_161325 20161117_161329