Bayram Məmmədov: “Heydər Əliyevin heykəlini yazmağım həyatımın ən uğurlu hərəkətidir”

Keçmiş prezident Heydər Əliyevin heykəlinə şüar yazmış NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən Bayram Məmmədov bildirib ki, narkotik ittihamı üzrə özünü təqsirli bilmir:
“Heydər Əliyevin heykəlini yazdığım üçün məmnunam və bunu həyatımın ən uğurlu hərəkəti kimi görürəm. Mənim məqsədim İlham Əliyevi təftişə salmaq idi ki, mən bunu bacardım”.
Gənc fəalın ilk ediklərindən sonra hakim onun sözlərini kəsməyə başlayıb:
Hakim: İttihama qayıt
Bayram Məmmədov: Qayıdacam. Onsuz siz də Ənvər Seyidov kimi sifariş yerinə yetirib, ən ağır cəzanı verəcəksiniz. Nə qədər iş versəniz də, heç bir qorxum yoxdur. 
Daha sonra Bayram Məmmədov heykəli yazma səbəbindən söz açıb:
“Əksəriyyətinizin babası olan, mənim isə heç bir qohumluq əlaqəm olmayan Heydər Əliyevin heykəlini yazmaqda digər məqsədim müxalif düşərgədə olan durğunluğu aradan qaldırmaq istəyim idi. Fəxr edirəm ki, gördüyüm işlə durğunluğa son verdim və insanları hərəkətə gətirdim”.
Bayram Məmmədov bildirib ki, azadlıqda olmasa belə baş verənlərdən xəbəri var və bundan çox qürurlanır:
“Həbsxanada olsam da, hər şeydən xəbərdaram. Bilirəm ki, mən bir hərəkat başlatmışam. Türkiyə və digər xarici ölkələrdə yerləşən Heydər Əliyev adına parklarda ona qarşı şüarlar yazılır, buna görə şadam”.
Hakim Eynulla Vəliyevin dəfələrlə sözünü kəsməsindən sonra gənc fəal narkotik ittihamı ilə bağlı da danışıb:
“Bu ittiham absurddur. Mən sanki Qədim Yunanıstandayam, Zevsin heykəlini yazmışam, indi isə kahinlərin qarşısına çıxarılmışam və onlar məni mühakimə edirlər. İstintaqa verdiyim ifadə işgəncə altında baş verib. Valideynlərim burada olduğu üçün çoxunu deyə bilmirəm ki, üzülməsinlər. Xahiş edirəm ki, valideynlərim növbəti prosesdə iştirak etməsin və mən sizə işgəncə faktlarını açıq-açıq deyərəm”.
İşgəncələr barəsində danışarkən B.Məmmədov söyləyib ki, Ombudsman ona baş çəkdiyində hər şeyi görsə də, işgəncə verilməməsi barədə bəyanat yayıb.
Daha sonra Bayram Məmmədov hadisə günündən danışıb. O bildirib ki, heykəl yazdıqlarının səhərki günü evlərinə zəng gəlib:
“Zəng edib məni soruşdular. Bildim ki, gəlib aparacaqlar. Hazırlaşıb evdən çıxırdım, binanın qabağında məni tutub, 12-ci polis bölməsinə apardılar. Demək olar ki, orda 1/8 final görüşünə çıxdım, bölmədə 7-8 nəfər məni döyməyə başladılar. 1/4 final mərhələsini Bakı Şəhər Baş Polis İdarəsində keçirdim, orda da sağ qalmağı bacardım. Yarımfinal görüşü Nərimanov rayon Müvəqqəti Saxlama Məntəqəsində oldu, işgəncələr davam etdi. Valideynlərimlə təhdid edirdilər, bunlar elə təhdid idi ki, hələ bu zamana kimi beləsi görülməyib”.
N!DA-çı gənc cibinə narkotikin necə qoyulduğunu danışarkən qeyd edib ki, əvvəlcə daha az narkotik boynuna qoyulsa da, sonradan yuxarıdan sifariş gəlib:
“Ciblərimi yoxlayanda sağ cibimə narkotik qoydular, ancaq mən bunu hiss etdim. Daha sonra evə getdik, əşyalarımın çox olduğu yeri soruşub, komputerin arxasından da qara paketdə nəsə çıxardılar. Əvvəlcə bölmədə olanda 2-3 qram narkotik boynuma qoydular. Ardınca isə dedilər ki, yuxarıdan zəng gəlib, daha çox olmalıdır. Pirşağıya zəng etdilər, ancaq cavab gəlmədi. Narkotik tapa bilmirdilər ki, boynuma daha artığını qoysunlar”.
Daha sonra Bakı Şəhər Baş Polis İdarəsinin Narkotikla Mübarizə şöbəsinin polkovnik-leytenantı Şirəli Babayev ifadə verib. O əməliyyatı necə keçirdiklərini danışıb. Vəkil Elçin Sadıqovun suallarını cavablandıra bilməyən Ş.Babayevin məhkəmə verdiyi ifadə ilə istintaq ifadəsi üst-üstə düşməyib. O bildirib ki, hadisələr 6 ay öncə baş verib, bu səbəbdən baş verənlər tam dəqiq yadında deyil.
Prosesdə ümumilkdə 3 polis əməkdaşı, 2 hal şahidi ifadə verib. Məhkəmə noyabrın 24-ü davam edəcək.
Xatırladaq ki, Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə bu il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.
Gənclərin, əslində, keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Sentyabrın 6-da B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb.
Qiyas İbrahimov oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Gənc fəal özü də məhkəmədə deyib ki, o, məhz Heydər Əliyevin doğum günü abidəsinə “Qul bayramınız mübarək!” yazdığına görə həbs edilib.