Davud Məmmədov: “İctimaiyyət üçün rusca yazmaq məndə diskomfort yaradır”

Son bir neçə ildə bütün dünyada olduğu kimi Azərbaycanda da sosial şəbəkələr geniş yayıldıqca yazdıqları maraqla qarşılanan, daha çox izləyici toplayan istifadəçilər önə çıxırlar. Sosial şəbəkələrdə, daha dəqiq desək “facebook”da ən çox rastımıza çıxan istifadəçilərdən biri də Davud Məmmədovdur. Onun yazdıqlarını minlərlə insan oxuyur, bəyənir və ya paylaşır.
Gündəm mövzularına özünəməxsus yumoru ilə münasibət bildirir və eyni zamanda həm güldürə, həm də problemə diqqət çəkə bilir. Bu münasibətlə Davud bəydən müsahibə almaq istədik, sağ olsun o da təklifimizi geri çevirmədi. “Facebook”dan, gündəm mövzularından, iqtisadi böhrandan, bir az da siyasətdən danışdıq. Davud Məmmədovun Abzas.net-ə müsahibəsini təqdim edirik.
– Davud bəy, sosial şəbəkələrə ilk dəfə nə vaxt qoşulmusunuz?
– 2008-ci ildən forumlardakı müzakirələrə qoşulurdum. 2012-ci ildən “facebook” istifadəçisi oldum. Dostlarla ünsiyyət, gündəmi izləmək üçün. Ümumiyyətlə “facebook”da qeydiyyatdan keçməkdə məqsəd o deyildi ki, bloq formatında yazım. Bunu bir iş kimi deyil, bir əyləncə, hobbi kimi görmüşəm hər zaman. Düşünürəm ki, bloqerlik mənim əsas fəaliyyətimə çevrilsə onun əyləncəsi də, keyfiyyəti də, kreativliyi də öləcək.
davud1
Bloqqerin Facebook-da yazdıqlarından
– Nə qədər izləyiciniz var?
– Dostluq siyahısı demək olar dolub artıq, 5000-ə yaxınlaşır. Ondan əlavə də 15-16 min izləyici var. Hamısını toplayanda hardasa 20 minlik auditoriya edir.
– Əvvəl rus dilində yazırdınız, daha sonra Azərbaycan dilinə keçdiniz. Sizcə azərbaycandilli oxucunun yanaşması, reaksiyası ilə rusdilli təbəqənin arasındakı əsas fərq nədədir?
– Sözün düzü mən o sərhədin çəkilməsinin heç tərəfdarı deyiləm, bunu bəri başdan deyirəm. Həmişə çalışmışam işimdə də, şəxsi həyatımda da, dostluğumda da danışılan dili özüm üçün meyar kimi götürməyim. Bu sual mənə əvvəl də verilib və hamısında eyni cavabı vermişəm: Yumorun dili yoxdur, zarafat dildən qaynaqlanmır. O bir ideyadır. İnsan beynində fikrin bir yoldan qəfildən digər istiqamətə atıldığı andır. Gülüşü doğuran odur, dil deyil.

“Nazirlərimizdən birinin müsahibəsindən:
-Neftin qiymətinin düşməsindən narahatsınızmı?
-Qətiyyən deyiləm. Hesab edirəm ki, neftin qiymətinin düşməsi bizə təhlükə yaratmır. Bizim kifayət qədər qızıl ehtiyatımız var. Mən digər nazirlərlə də bu mövzuda danışmışam və dedilər ki, onların da kifayət qədər qızıl ehtiyatı var.”

– Ama indi daha çox Azərbaycan dilində yazırsınız?
– Əvvəl “facebook”da çevrəm dar və əksəriyyəti də rusdillilərdən ibarət idi deyə, rusca yazmağı üstün tuturdum. 500 dostum var idisə və hamısı da rusdilli idisə mənim Azərbaycan dilində yazmağımın mənası yox idi. Daha sonra azərbaycandilli izləyicilərim artdığı üçün Azərbaycan dilində yazmağa başladım. Açığı, ola bilər ki, yazdıqlarım primitivləşib. Amma bu mənim Azərbaycan dilində yazmağımla əlaqədar deyil.Rusca yazsam da eyni şeyi yazaram. Bəli, rusdilli təbəqəni maraqlandıran mövzular fərqlidir, onlar daha apolitikdir. Amma bunun səbəbi də bugünkü siyasi elitanın əksəriyyətinin rusdilli olmasıdır. Mənim real həyatdakı dostlarım var ki, mənimlə eyni şeyləri düşünür, ama düşündüklərini açıq və ictimai şəkildə deyə bilmir. Həmin elitanın bir parçası olmasa da, nazirlikdə işləməsə də, yenə də bir şəkildə oraya bağlıdır. Ya orada tanışları, ya da hansısa formada onlarla iş birliyi var. Ona görə də bu cür məsələlərə baş qoşmaq istəmir. O adamın yerində azərbaycandilli biri olsa da eyni şəkildə hərəkət edəcək, edirlər də. Fərqi yoxdur, nə dilli olursan ol.
davud2
Bloqqerin Facebook-da yazdıqlarından

 

 – Problemləri və ya etirazını yumoristik şəkildə çatdıra bilirsiniz, yumorla tənqid effektivdi?
 – Düz dediniz, yumorun hədəfi hansısa bir problemdir. Amma bu janr olaraq belədir. Qədim Yunanıstanda da zarafatı yazanda eyni şəkildə yazıblar. Hansısa bir problemə, əksikliyə, qüsura daş atıblar. İstənilən lətifəni açın bu dəqiqə internetdə, o lətifə hansısa problemi vurur, kiminsə qüsurunu hədəfləyir. Pozitiv şeyə gülmək olmur, amma problem gülməlidir. Mənə bəzən deyirlər ki, sən niyə ancaq problemlərdən danışırsan? Deyirəm ki, qardaş bu janr belədir – Mən zarafat yazıramsa, gərək hansısa problemə gülüm. Yaxşı şeyi Aztv yazsın, desin. O da onun işidir.
– Davud bəy, Azərbaycanda yaşayırıq və bu ölkənin reallığını bilirik, bir çox hallarda o şərtlərə görə hərəkət edirik. Özünüzə senzura tətbiq edirsinizmi?
– Bəli, qəbul etməli olduğumuz ənənələr, müəyyən stereotiplər var. Norveçi götürməyək, məsələn, ən azından bu baxımdan bizimlə Türkiyə arasında belə fərq var. Türkiyədə söyüşdən istifadə edən yumor ustaları var, burada onu edə bilmirsən. Cem Yılmazın çıxışlarına baxsanız görərsiniz ki, orada iki kəlimədən biri söyüşdür. Bizdən kimsə səhnəyə çıxıb onu eləsə bıçaqlayacaqlar. Məndə də toxunulmayacaq mövzular var təbii ki. Din mövzusunda və ya ölən biri haqqında yazmıram. Bugünkü şəraitdə bu mənim üçün qəbul olunmazdır.
davud3
Bloqqerin Facebook-da yazdıqlarından
– Bəs siyasi mövzular…
– Siyasətin bizdə nə dərəcədə həssas mövzu olduğu sizin üçün də yeni bir şey deyil. Təbii ki, mənim üçün siyasət mövzusunda qırmızı xətt var və onu keçməməyə çalışıram. Onu da müəyyənləşdirmək çox çətindir. Çünki hər kəsin hər məsələdə öz qırmızı xətti var. Ona görə də kiminsə gözündə o xəttləri keçmiş görsənə bilərəm, kiməsə görə də çox dar çərçivədə yazıram.
 – Bəzən hansısa profilə baxanda görürəm ki, apolitik insandır, amma dostluğunda varsınız və sizi izləyir. Yazdığınız statuslar həmişə birbaşa hədəfə vurur deyə, onlara önəmli mesajlar verirdiyinizi düşünürsünüzmü? Sizcə, onlar bu mesajları qəbul edirlərmi?
– Təbii ki, qəbul edirlər. Ümumiyyətlə bu işi, yəni zarafat yazmağı bir az sadə qəbul etməyə çağırıram. Bunun arxasında kimisə dəyişmək məqsədi yoxdur, heç vaxt olmayıb və ola da bilməz. Çünki əsrlər boyu bunu etməyə çalışıblar, amma kim dəyişib? Tolstoy, Dostoyevski kimi dəyişib? Onların yazdıqları bütün problemlər hələ də qalır. Kimsə oxuyub zövq alıb, amma onların yazdıqları bütün o insani problemlər, bəşəriyyətin problemləri, ölkələrin problemləri, nə bilim, iqtidarın, zəifin problemi, o mövzular hamısı bu gün də aktualdır. Nə düzəlib ki? Ona görə də mənim yazdığım zarafatlara bəzən bu adı verəndə “ay nə bilim bu adam zarafatıyla mübarizə aparır, zarafatıyla nəyisə düzəltməyə çalışır” deyəndə utanıram. Belə bir şey yoxdur. Şişirdilməsinin də əleyhinəyəm!
– Toxunduğunuz mövzulardan bəlli olur ki, ölkənin durumunu analiz edə bilirsən. Siz ölkənin gələcəyini necə görürsünüz?
– Makroiqtisadçı kimi danışa bilməyəcəm, buna təcrübəm və biliyim imkan vermir. Mən mikroiqtisadiyyatçıyam, maliyyəçiyəm. Sizin sualınız daha çox makroiqtisadiyyata bağlıdır deyə, mən ekspert kimi yox, sırf şəxsi fikrimi deyə bilərəm. Vallah, mən sevinirəm bugünki halımıza. Niyə sevinirəm? Biz son 20 il ərzində yuxudaydıq, bu bir röyaydı, cənnətə oxşar bir yerdə yaşayırdıq. O dövr bitdi. İndi də hamı onun bitməsinə böhran deyir. Mən bunu dəfələrlə demişəm, biznes yoldaşlarıma da deyirəm – böhran yoxdur. Sadəcə bizim yaşadığımız o röya bitdi, cənnət bitdi. İndi o yuxudan oyanmışıq. İndiyə qədər olan anormal idi, indiki yox. Bizim ümumdaxil məhsul bir ilə rekord dərəcədə artanda elə havaya girdik ki, sanki biz elə beləyik, olanlar da normaldır. Bu sırf neftin effekti idi. Amma o çox davam edə bilməzdi və etmədi də. Bundan sonra isə normal, real vəziyyət nədirsə, hərə özü ortaya qoyduğu məhsula görə, çəkdiyi əziyyətə görə pulunu qazanacaq.  Artıq hər şey bizdən asılıdır. Mən neftdən, dövlətdən, hökümətdən bir şey gözləməyin tərəfdarı deyiləm. Biz şirkətlərdən, iş adamlarından, təşəbbüskar insanlardan nəyisə gözləməliyik. Götürək mətbuatı, mən heç vaxt anlamamışam ki, dövlət niyə media orqanına yardım etməlidir. Adi vətəndaş niyə deputatdan yola asfalt çəkməsini istəməlidir? Deputatın işi o deyil axı. Sən deputatdan su çəkməyini gözləsən parlamentdə də su, asfalt çəkən oturacaq. Hər kəs öz işini görməlidir.
davud4
Bloqqerin Facebook-da yazdıqlarından
– Mövzu ora getmişkən soruşum, qıraqdan siyasi təşkilatlardan ReAl-a daha yaxın görsənirsiniz. ReAl-a münasibətiniz necədir?
– ReAl son 5-10 il ərzində həm siyasətə, həm iqtisadiyyata konkret baxışı olan qurumdur. Bu rolda da alternativi yoxdur hələki. Klassik müxalifət dediyimiz qurumlara münasibətim mənfi deyil, ama müsbət də deyil. Gənclərin toplaşdığı, bizi irəli apara biləcək başqa bir təşkilat varsa deyin onları da tanıyım. Mənim siyasi mənsubiyyətim yoxdur, ReAl-ın üzvü də deyiləm, sadəcə orda mənim yaxın dostlarım var. Biz onlarla ReAl yaranmamışdan əvvəl dost idik. Mənim onlarla bağlılığım odur. Ancaq bir başqa partiya, ya hərəkat yaransa mən buna sevinərəm.
-Digər partiyaların, klassik müxalifət dediyiniz qurumların əskikliyini nədə görürsünüz?
Müxalifət klassik olmamalıdır. Bir az müasirləşmələrini istəyərəm, onlarda bütpərəstlik görürəm deyə bu məni çəkindirir. Eyni zamanda hörmət bəslədiyim xüsusiyyətləri də var. O da onların davamlılığı, cəsarətidir. Uzun müddətdir mübarizə aparmaları, sınmamaları hörmətə layiqdir, ama hamısının içində mənə ReAl daha yaxındır. Çünki onlar tənqid də edirlər, məsələnin həll yolunu da təklif edirlər.
– Bəs “facebook”da ən çox kimləri izləyirsiniz?
– Fərqli fərqli insanlar var, səhifələr var. Aktiv olan insanları deyirsinizsə mütəmadi olaraq lentimdə kimlərdi deyim, Rəşadəti, Xədicəni izləyirəm, Turxan Qarışqa, Mehmanın özü, Nail Zeynalov, Natiq Cəfərlini, realçıların hamısını bir-bir saymayacam, rusdilli təbəqədən “Çto? Qde? Koqda?” iştirakçıları.
davud5
Bloqqerin Facebook-da yazdıqlarından
– Siyasətçilərdən kim maraqlıdı? Həm hakimiyyətdən, həm də müxalifətdən
– Ümumiyyətlə, bizdə hakimiyyətdə prezidentdən başqa siyasətçi yoxdur. Yəni orda ierarxiya elə qurulub ki, kimsə siyasi mövqe ortaya qoymur. Əslində olmamalıdı da. Siyasətlə icra hakimiyyəti yox, siyasi partiya məşğul olmalıdır.
Müxalif siyasətçilərdən isə Əli Kərimlini və İsa Qəmbəri izləyirəm, ReAl-ı daha üstün tutsam da hər ikisinə böyük hörmətim var. Amma belə də, yəni lentimdə var deyə izləyirəm, özümü uzaqlaşdırmağa çalışmıram. Hər tərəfə vaxt tapıram. Ümumiyyətlə, özümü siyasi aktiv adam hesab edirəm. Siyasi ambisiyası olmayan, amma siyasi aktiv olan vətəndaş olmağa çalışıram.
– Sizvə sosial şəbəkələr Azərbaycan reallığını əks etdirirmi?  
– Siz “facebook”u öz lentinizdən görürsünüzsə yox təbii ki. Amma bütövlüklə götürsəniz, azseqmenti götürsək sayıla bilər. Çünki bir milyondan çox insan var orda. Bir milyon artıq representativ bir kəmiyyətdir. Statistika baxımından bir milyon əhali hesab elə ki, bu artıq ölkədir. Yerdə qalan 8 milyonda elə bir adam yoxdur ki, bir milyonda onun tayı olmasın.
MƏNBƏAbzas.net
Əvvəlki məqalə“AmCham”: Azərbaycanda internet tarifləri yüksəkdir
Növbəti məqalədəƏli Abbasov 300 min dolları hara xərcləməsindən danışdı