“Freedom House” vəkillərə təzyiqlərə son qoymağı tələb edib

Freedom House beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanda vəkillərə son təzyiqlərlə bağlı narahatlıq ifadə edib.
“Azərbaycan hökuməti ölkədə siyasi məhbusları müdafiə etməyə və hakimiyyət tərəfindən onların hüquqlarının pozulmasına diqqət çəkməyə cürət edən azsaylı vəkillərdən ikisinə – Elçin Sadıqov və Fariz Namazlıya qarşı təzyiq və hədə kampaniyasına son qoymalıdır”, deyə Freedom House-un beynəlxalq proqramlar üzrə vitse-prezidenti Robert German bildirib.
Hökumət vəkillərə peşə fəaliyyətləri ilə əlaqədar amansız təzyiqə son qoymalıdır, deyə o əlavə edib.
Freedom House-un bəyanatında xatırladılır ki, noyabrın 2-də hakimiyyətyönlü KİV Sadıqovun müvəkkillərindən birinin həyat yoldaşı ilə guya “romantik münasibətləri” olduğu haqqında nəşr yayıb. Elə həmin gün Sadıqov Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin müstəntiqindən hədələr alıb. Onun həyat yoldaşı, vəkil Zibeydə Sadıqova da ərinin fəaliyyəti ilə bağlı hədələr alıb.
Həmin gün vəkil Fariz Namazlı polisdə 2016-cı il oktyabrın 20-də məhkəmədə baş vermiş insidentlə bağlı ona qarşı verilmiş şikayət haqqında məlumatlandırılıb, baxmayaraq ki, həmin vaxt o, özü hücuma məruz qalıb.
Freedom House xatırladır ki, 2016-cı ildə azadlıq indekslərində Azərbaycandakı vəziyyət “qeyri-azad ölkə” kimi qiymətləndirilib. Bundan başqa, Azərbaycan “qeyri-azad mətbuatı olan” ölkələr sırasına və “internetin qismən azad olduğu” ölkələr qrupuna daxil edilib.
Qeyd edək ki, Elçin Sadıqovun qardaşı Elvin Sadıqov noyabrın 3-də vəkilin qeydiyyatda olduğu Göygöl rayon polis şöbəsində dindirilib. Dindirmə məqsədi ilə vəkil haqqında “anket məlumatları” yığılıb. Polis vəkil, onun ailəsi, həyat yoldaşının qohumları və hətta uşaqlarının hansı bağçaya getdiyi ilə maraqlanıb. Bu barədə Elçin Sadıqov özü məlumat verib.