Gələn ildən yaşayış minimumunun 155 manat olması təklif edilir

Azərbaycanda gələn ildən yaşayış minimumunun 155 manat olması təklif edilir. 
Bu, “2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində nəzərdə tutulub.
Xatırladaq ki, bu il üçün yaşayış minimumu 136 manatdır. Başqa sözlə, sözügedən göstərici 14% və yaxud 19 manat artırılır.
Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7% və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2% və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8% və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılıb.
Gələn il Azərbaycanda ehtiyac meyarının isə builki səviyyədə – 105 manat saxlanılması təklif edilir. Bu, “2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində nəzərdə tutulub.
Qeyd edək ki, 2017-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər artıq Milli Məclisə daxil olub.