Gəncədə polis vətəndaşlardan çoxlu sayda silah-sursat götürüb

Ayrı-ayrı vətəndaşlar tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın, partlayıcı maddə və qurğuların yığılması məqsədilə daxili işlər orqanları tərəfindən növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Gəncə Şəhər Baş Polis İdarəsinin birgə iştirakı ilə həyata keçirilib.
Əməliyyat zamanı Gəncə şəhər sakinləri Elbrus Ələkbərov, Orxan Fətullayev və Zaur Hüseynov, Emin Hüseynov və əvvəllər məhkum olunmuş Məhəmməd Hüseynov həbs ediliblər. Həbs olunanların evlərinə baxış zamanı çoxlu sayda silah sursat tapıldığı bildirilib.
Belə ki, Elbrus Ələkbərovun yaşadığı evə baxış zamanı 1 ədəd “ZORAKI-914” markalı tapança, 2 ədəd qumbara və 4 ədəd patron, Orxan Fətullayevin evinə baxış zamanı 1 ədəd nömrəsi silinmiş “Brauninq” markalı tapança, 2 ədəd qumbara və 1 ədəd patron, əvvəllər məhkum olunmuş Məhəmməd Hüseynovun evinə baxış zamanı 3 ədəd qumbara, 2 ədəd alışqan və 12 ədəd patron, əvvəllər məhkum olunmuş Vüsal İsayevin evinə baxış zamanı 2 ədəd qumbara, Zaur Hüseynovun evinə baxış zamanı 1 ədəd “AKS-74” markalı silah və 80 ədəd patron, qardaşı Eminin evinə baxış zamanı isə 3 ədəd qumbara və 37 ədəd patron aşkar edilərək götürülüb.