G.Bayramlı: “Polis dedi ki, telefon sahibini müəyyən edib tədbir görəcəyik”

AXCP sədrinin müavini Gözəl Bayramlı noyabrın 2-də Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsində izahat verib. Bu barədə Bayramlı özü Turan-a müsahibəsində bildirib.
O, sosial şəbəkədə yazıb ki, bu il oktyabrın 28-də 050 393 34 68 telefon nömrəsindən ona zəng edərək ölümlə hədələyiblər. Bayramlı dərhal Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzinə” zəng edib.
“Günün sonuna qədər polis heç bir tədbir görmədi. Yalnız mətbuatda və sosial şəbəkələrdə mövzu ciddi müzakirəyə səbəb olduqdan sonra, axşam saat 21-dən sonra Suraxanı polisindən zəng edərək ifadə vermək üçşün polisə dəvət edildim. Xəstə olduğum üçün yalnız bu gün polisə gedib izahat verdim”, deyə Bayramlı bildirib.
Onun sözlərinə görə, oktyabrın 29-da “Abu Zerz Ahi” adlı bir facebook profilindən (https://www.facebook.com/abu.zerzahi.1?fref=ts&__mref=message_bubble) Bayramlının şəkli ilə birlikdə hədə dolu bir status da paylaşılıb:
“Yaxın ətrafındakı insanlara sizə mən allahlıq edəcəyəm deyən həmin kafir qadın budur. İnşallah ki, tezliklə öz əxi qardaşımla bunun murdar başını öz dostlarının şam yeməyinə göndərib sizi bir-iki günə sevindirəcəyəm, əziz qardaşlarım mənim!”, – deyə həmin statusda yazılıb.
AXCP sədrinin müavini deyib ki, telefon zəngi və ona göndərilən hədə mesajı barədə izahatında yazıb.
“Mən izahat verdim. Hadisə ilə bağlı ətraflı məlumat verdim. Polis bölməsində bildirdilər ki, telefon sahibini müəyyən edib bir neçə günə tədbir görəcəklər. Görülən tədbirlə bağlı məni də  məlumatlandıracaqlarını dedilər”, deyə o qeyd edib.
Bayramlı hesab edir ki, ona qarşı edilən “mənəvi terror və ölüm təhdidinin arxasında mövcud rejim dayanır”.
“Mən mövcud rejimə qarşı mübarizənin ön cəbhəsindəyəm, bu mübarizəyə rəhbərlik edən AXCP sədrinin azadlıqda olan yeganə müaviniyəm”, deyə o qeyd edib.
AXCP sədrinin müavini bundan öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq xəbərdarlıq edildiyini də deyib.
“Orada mənə “Nardaran işi” ilə bağlı yaydığım məlumatlara görə xəbərdarlıq ediblər”, deyə Bayramlı qeyd edib.
AXCP sədrinin müavini polis onu təhdid edən şəxs və ya şəxsləri tapmazsa məhkəməyə müraciət edəcəyini istisna etməyib.
Bununla yanaşı, AXCP sədri Əli Kərimli müavinini ölümlə hədələyənlərin tapılması və Bayramlının təhlükəsizliyinin təmin edilməsi üçün daxili işlər nazirinə və baş prokurora müraciət edib.
Milli Şuranın sədri Cəmil Həsənli də müxalif siyasi partiya sədrinin müavininin ölümlə təhdid edilməsini pisləyən bəyanatla çıxış edib.