”Günəşli” yatağında yenə qəza: bir nəfər ölüb

“Günəşli” yatağındakı 7 saylı özüldə bədbəxt hadisə baş verib. Hadisə noyabrın 20-də saat 22:30 radələrində “Günəşli” yatağındakı 7 saylı dərin dəniz özülündə 28 tonluq kran qırılıb və gəminin üzərinə düşüb. Hadisə ilə bağlı şirkət rəsmi məlumat yayıb. 
Belə ki, “SOCAR AQŞ” MMC tərəfindən istismar edilən “HİDROAKTİF HİDROLİK VİNÇ İŞ MAKİNALARI İMALAT İHRACAT İTHALAT SAN.TİC.LTD.” şirkətinin istehsalı olan, 2015-ci ildə quraşdırılmış 28 tonluq HAK-300 tipli kran “Neftqaz-63” gəmisindən boruları qəbul edən zaman kranın barbeti yuxarı flans-qaynaq (zavod istehsalı) hissəsindən qırılaraq gəmi yanalma meydançasına, daha sonra gəminin üzərinə aşıb, kranın qırılan hissəsi dənizə düşüb.
Abzas.net-in əldə etdiyi məlumata görə, hadisə nəticəsində vəfat edən gənc 1991-ci il təvəllüdlü Məmmədov Elşən Səxavət oğludur. O, “Abşeron” Qazma Şirkətinin (AQŞ) krançısı olub. Hadisə zamanı o kranı idarə edirmiş, kran qırılıb və o gəmiyə düşərək ölümcül xəsarət alıb. Elşən Məmmədovun yeni təxminən 1 il əvvəl ailə qurduğu, körpə övladının və Cəbrayıldan məcburi köçkün olduğu bildirilir.
Rəsmi məlumata görə, dərhal müvafiq dövlət orqanlarına məlumat verilib, kran istehsalçısının nümayəndəsi dəvət olunub və birgə xüsusi komissiya yaradılıb. Komissiya tərəfindən özüldə hadisənin təfərrüatları araşdırılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.