İnvestorlar niyə Azərbaycana gəlmir?

“Novoye Vremya” qəzetində “Pullar sakitliyi sevir və ya investorların qaçışını necə önləyək” sərlövhəli məqalə dərc olunub. Yazıda deyilir ki, neftin kəskin ucuzlaşmasından sonra daxili imkanlar hesabına ölkəyə investisiya yatırmaq artıq aradan qalxmaqdadır.
“Neftin qiyməti 50 dollar ətrafında hərəkət edirsə, iqtisadiyyatın bir çox sahələrinə dövlət investisiyası qoymaq ancaq arzu edilə bilir. Bu investisiyanın azalması təsadüfi deyil. Belə halda ümid xarici investisiyalara qalır ki, indiki halda bu, hava kimi vacibdir”.
Müəllif yazır ki, son vaxtlar baş verənlər isə bu arzunun gerçəkləşəcəyinə böyük şübhələr yaradır. İnvestorlar nəinki Azərbaycana gəlmir, üstəlik, əvvəllər gələnlər də getmək haqda düşünürlər. Yazıda vurğulanır ki, iqtisadi fəallığın və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi bir sıra xarici şirkətlərin ölkədən getməsi ilə nəticələnir.
Müəllifə görə, ölkə iqtisadiyyatında yerli özəlliklərin olması da burada az rol oynamayıb:
“Əvvəllər yüksək neft gəlirləri fonunda şirkətlər bürokratiyaya, korrupsiyaya, məmur özbaşınalığına dözürdülər. İndi bu sərmayəçiləri qane etmir”.
Yazıda vurğulanır ki, neft bumu dövründə ölkədə əlverişli biznes və sərmayə mühiti yaradılmadığından belə bir mənzərə başa düşüləndir. Müəllifin fikrincə, maliyyə bazarının, bank sisteminin sabitləşmədiyi, inhisar, korrupsiya və məmur özbaşınalığının davam etdiyi bir şəraitdə ölkənin rəsmi qurumlarının sözdə verdiyi təminatlar əbəsdir:
“Ən başlıcası, yaxın perspektivdə iqtisadi durumun yaxşılaşacağı görünmür. Yenə də neft qiymətdən düşməkdədir”.