İran Rusiyadan 10 milyardlıq silah alır

Müstəqillik günü ilə bağlı hərbi paradda Belarusun S-300 havadan müdafiə sistemlərinin nümayişi (Minsk, July 3, 2013 - REUTERS/Vasily Fedosenko)
Rusiyayla İran dəyəri 10 milyard dollara yaxın olan silah müqaviləsini müzakirə etməkdədir. Bu barədə mətbuata Rusiya parlamentinin yuxarı palatasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Ozerov danışıb.
Noyabrın 14-də Tehranda çıxışında Ozerov bildirib ki, müqaviləyə əsasən, Moskva Tehrana tanklar, artilleriya sistemləri, hərbi təyyarə və vertolyotlar sata bilər.
Oktyabr ayında ABŞ və İsrailin narahatlığına baxmayaraq, Rusiya İrana S-300 havadan müdafiə sistemləri göndərdiyini elan etmişdi.
İranda səfərdə olan Rusiya nümayəndə heyəti həm də iqtisadi əlaqələrin genişləndirilməsi, regional əməkdaşlıq və prezidentlərin imzaladığı razılaşmaların gerçəkləşməsi yollarını müzakirə edir.