İranda azərbaycanlı şairin səhhətinin pisləşdiyi bildirilir

İranda Azərbaycan türklərinin milli-mədəni haqları uğrunda apardığı dinc fəaliyyətinə görə 6 aya yaxındır Təbrizin mərkəzi zindanında saxlanılan gənc şair Həbib Sasaniyanın səhhətinin pisləşməsi barədə məlumat yayılıb.
Fəalın ailəsinə yaxın mənbələrdən biri İrandakı hüquq müdafiəçilərinə açıqlamasında bildirib ki, fəal Həbib Sasaniyan, son vaxtlar yaxınlarına zəng vuraraq ayaq nahiyəsindən zədə aldığını və ayağında ağrısı getdikcə artan və hər gün böyüyən qara bir ləkənin əmələ gəldiyini bildirib.
Bildirilir ki, bu naməlum xəstəlik, azərbaycanlı fəalın sərbəst hərəkətinə mane olsa da, zindan rəhbərliyi onun şəhər xəstəxanalarından birinə köçürülməsinə və normal şəraitdə müalicə almasına icazə vermir.
Qeyd olunur ki, fəalın tutulmazdan əvvəl səhhətində heç bir problem olmayıb və o yalnız həbs edildikdən sonra həbsxanada bu naməlum xəstəliyə düçar olub. Bu isə onun ailəsini ciddi nigaran edir.
ETTELAAT-ın Ərdəbil bölməsinin əməkdaşları 15-i səhər saatlarında dinc fəallar Həbib Sasaniyan, Həmid Siqqəti, Babək Avənd, İsmayıl Əfxəmi, Yunis Rəhimi və Mehdi Cavadzadəni tutub aparmışdılar.
Fəallar bir neçə gün yerli ETTELAAT idarəsində saxlanıldıqdan sonra Təbrizin mərkəzi zindanına köçürülüb. Həbs edilən fəallardan 5-i tədriclə mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılsalar da, Həbib Sasaniyan naməlum səbəblər üzündən hələ də həbsdə saxlanılır.
Tutulmazdan əvvəl Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini və Qarabağ probleminin mahiyyətini əhaliyə izah edən və onlar arasında maarifləndirmə işləri aparan fəallar, casusluqda və ölkə sirlərini əcnəbilərə ötürməkdə günahlandırır.