“Mitinqçı qızlara” – Bəxtiyar Hidayət [şeir]

Bəxtiyar Hidayət 
Mitinqçi qızlara
(Zəlimxana nəzirə)
Bu gözəlin baş vurduğu,
Yola bax, Allah, yola bax.
Buxağında təpik izi
Xala bax, Allah, xala bax.
Dönmədi, yolunda qaldı,
Nadanın dilində qaldı,
Polisin əlində qaldı,
Telə bax, Allah, telə bax.
Qıvrılır yazıq, yerində,
Sınıq var üzük yerində,
Qandal- bilərzik yerində,
Qola bax, Allah, qola bax.
Gör nə qovğa, qal eyləyib,
Qan yanağın al eyləyib,
Dəyənəklər zol eyləyib,
Belə bax, Allah, belə bax.
Nə deyib, Bəxtiyar deyib,
İçi öz içini yeyib,
Başın qanıxına qoyub,
Ələ bax, Allah, ələ bax.