Müəllimlər Təhsil Nazirliyinin qarşısında aksiya keçirib [Foto-Video]

Təhsil Nazirliyinin qarşısında bir qrup müəllim aksiya keçirib. Onlar Sumqayıtda işlədikləri 11 saylı məktəbdən qanunsuz olaraq işdən çıxarılmalarına etiraz ediblər.
İşdən çıxarılan pedaqoji işçilərdən biri Təranə Nəsirova deyir ki, onlara deyiblər ki, 2009-cu ildən onların layihəsi başa çatıb:
“Ancaq biz 2016-cı ilə qədər işləmişik. Bizə dedilər ki, 2005-ci ildə 3 nəfər, 2007-ci ildə 2 nəfər olmaq şərti ilə 5 nəfər layihəyə cəlb olunmalı idi. Lakin siz illər uzunu qeyri-qanuni artırılmısınız”.
Müəllimə qeyd edib ki, 2016-cı ilin may ayından onlara “siz sentyabr ayından işçi hesab olunmayacaqsız” deyiblər: “Müqavilə müddətiniz 2016-cı ilin sentyabrında bitir”.
“Nazir müavini Eşqi Bağırov deyir ki, indiyə qədər siz qanunsuz işləmisiz, layihənin 2009-cu ildə icra müddəti bitib” – deyə müəllimə Aytən Mirzəyeva bildirib.
O bildirib ki, elə müəllimlər var 1997-1999-cu ildə müddətsiz müqavilə ilə işə götürülüblər:
“Amma 2011-ci ildə həmin layihəyə cəlb olunduq, indi də deyirlər ki, sizin layihə bitib. Bizə heç işdən azad olunmaqla bağlı əmrləri də verilmirlər. İşlədiyimiz məktəbdə əqli və fiziki məhdudiyyətli 56 şagird təhsil alır. Uşaqlar hazırda müəllim köməkçisi olmadan təhsillərinə davam edirlər”.
Müəllimlərin etirazı ərəfəsində əraziyə polislər gəldi. Sonra Təhsil Nazirliyinin əməkdaşları pedaqoji işçiləri qəbul otağına yönəltdilər.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov mətbuatın iştirakı olmadan şikayətçilərin qəbul olunacağını bildirib. O, jurnalistlərə açıqlama verməkdən imtina edib.
Müəllimləri nazirliyin məsul şəxsi Eşqi Bağırov qəbul edib. O bildirib ki,  Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı 2005-2009-cu illəri əhatə edib. Hazırda proqramın müddəti bitib. Buna görə də pedaqoji içilər işsiz qalıb. Eşqi Bağırov müəllim köməkçilərini müvəqqəti işlə təmin edəcəklərini deyib.

20161111_121408 20161111_104430 20161111_103715 20161111_103127