Nardaranda İTV-nin sındırılmış kamerası ilə bağlı məhkəmə davam edir

Sabunçu Rayon Məhkəməsində Nardaran olaylarında həbs olunmuş qəsəbə sakini Həsən Mirzəyevin məhkəmə prosesi davam edir.
H.Mirzəyev noyabrın 26-da baş verən olaylar zamanı Nardaranda çəkiliş aparan İctimai Televiziyanın əməkdaşlarına məxsus videokameranı sındırmaqda ittiham olunur.
Bu haqda hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat yayıb.
Onun bildirdiyinə görə, Həsən Mirzəyev vəkilsiz qalıb. “Onun anasının və yaxınlarının verdiyi məlumata görə, ötən məhkəmə prosesində İTV-nin əməkdaşları iştirak ediblər. Onlar bildiriblər ki, onlara məxsus videokameranı H.Mirzəyev sındırmayıb. Ondan şikayətçi deyillər. Lakin jurnalistlər bu barədə yazılı ərizə yazmaq istəməyiblər. Bildiriblər ki, rəhbərliyin razılığı olmalıdır”, – hüquq müdafiəçisi bildirib.
H.Mirzəyev Nardaran olaylarından 5 ay sonra, 2016-cı il aprelin 19-da həbs olunub.
Hüquq müdafiəçisinin deməsinə görə, o, istintaq zamanı işgəncələr və təhdid altında etirafedici izahata imza atıb. Amma məhkəmədə bildirib ki, çəkiliş zamanı meydanda olsa da, videokamera sındırmayıb. Şahidlər də onun jurnalistləri vurmadığını və kameranı sındırmadığını bildirirlər.
H.Mirzəyev Fövqəladə Hallar Nazirliyinin Xəzər dənizinin Nardaran hissəsindəki dəstəsində xilasedici işləyirmiş.