NASA-da işləyən yeganə azərbaycanlı ilə müsahibə

Atilla Əsgər 1987-ci ildə Bakıda anadan olub. Orta təhsilini Səbail rayon 6 nömrəli məktəbdə alıb. Hazırda NASA-da çalışır. Son günlər NASA-da çalışan azərbaycanlılarla bağlı məsələ sosial şəbəkənin əsas müzakirə mövzusu olduğundan Meydan TV Atilla Əsgərdən skayp müsahibə alıb.
– NASA-da sizdən başqa azərbaycanlı işləyirmi?
– Mənim bildiyim qədərilə hazırda NASA-da işləyən tək azərbaycanlı mənəm. Teymur Sadıqov işləyib əvvəllər. Bütün azərbaycanlılar tanıyır. Bundan başqa, hər hansı bir azərbaycanlının NASA-da işlədiyini eşitməmişəm. Düzü təzəlikcə eşitdik, amma sonra təəssüf ki, yalan çıxdı.
– Azərbaycan və Qərb təhsili arasında hansı fərqlər var ?
– Düzü, orta məktəbdən sonra xaricdə təhsilim bugünə qədər davam edir. Mənim bildiyim odur ki, Amerika təhsilində rüşvət anlayışı yoxdur, dərslər daha peşəkar keçirilir. Eşitdiyimə görə, Azərbaycanda dərslə əlaqəsi olmayan nələrsə keçirilir və ya imtahanda aidiyyatı olmayan dərs materialları tələb edilir və s. Amerika təhsilində qısaca onu deyim ki, təhsildə peşəkarlıq var.
– Azərbaycan peyki nə dərəcədə müasirdir?
– Mənim vəzifəm elektronik mühəndisliyidir. NASA-da aviakosmik bölmədə yox, elektronik bölmədə çalışdığım üçün Azərbaycan peykinin nə qədər müasir olması haqda dolğun məlumatım yoxdur. Amma bildiyim qədəri ilə “Orbital Scienes” hazırlayıb Azərbaycan peykini. Bu da peykimizin yetəri qədər müasir olmasından xəbər verir.