Natiq Cəfərli: “Əslində xalqa qaz pulsuz verilməlidi” – [Video]

Natiq Cəfərli
“Son 2 ildə dünyada əhaliyə satılan təbii qazın qiyməti kifayət qədər aşağıya düşüb”
Bu fikirləri “Canlı Status”da iqtisadçı-ekspert Natiq Cəfərli əhaliyə verilən qazın qiymətinin artırılmasını şərh edərkən deyib. 
“Avropada 2014-cü ildə qazın alınma qiyməti 420-430 dollar idisə, bu gün qiyməti təqribən 220 dollara qədər düşüb. Qiymətlərin aşağıya düşməsi əhaliyə satılan qazın qiymətinin də düşməsinə səbəb olub.  Hətta, nəinki Avropada, bizim qonşu ölkələrdə də qazın qiyməti son 2 ildə düşüb. Qaz satdığımız Türkiyədə bir neçə həftə bundan əhaliyə verilən qazın qiyməti 10% azalıb. Gürcüstanda da təqribən 2 dəfə endirim oldu. Bu gün Ermənistanda da əhaliyə satılan qaza 5%-ə qədər endirim edildi”- deyə N.Cəfərli bildirib.
Ekspertə görə, Azərbaycanda qazın qiymətinin artırılmasının bir neçə müxtəlif səbəbləri var. Bunlardan biri büdcədə yaranmış problemlərlə bağlıdı. N.Cəfərli deyir ki, hökümət ciddi islahat layihələrini heyata keçirib, köklü dəyişikliklərə nail olub, iqtisadiyyatı canlandırmaqdansa, çox primitiv yol seçərək səriştəsiz idarəetmənin nəticəsində büdcədə yaranmış problemləri əhalinin yükünü artırmaqla həll etməyi düşünür.
Onun bildirdiyinə görə, digər səbəblərdən biri də hökümətin Rusiyadan 3 milyard kubmetr qaz almağı planlaşdırmasıdır. Ekspert bunu mədəni rüşvət adlandıraraq Rusiyadan qaz almağa ehtiyac olmadığını vurğulayıb.
N.Cəfərli bildirib ki, qazın qiymətinin artırılmasının digər bir səbəbi də Azərbaycanın həm Türkiyə, həm də Gürcüstan qarşısında götürdüyü öhdəliklərlə bağlıdır.
“Azərbaycan həm Türkiyə, həm də Gürcüstan qarşısında qazın həcminin artırılması ilə bağlı öhdəliklər götürüb. Hökümət də bu öhdəlikləri yerinə yetirmək üçün Azərbaycan daxilinə satılan qazın bir hissəsini xaricə, o cümlədən Türkiyə və Gürcüstana satmağı düşünür”, – ekspert vurğulayıb.
İqtisadçı qazın qiymətinin artırılmasında digər bir səbəb kimi də hökümətin beynəlxalq maliyə institutları ilə bağlamağa çalışdığı müqavilələri göstərir. Ekspert bildirir ki, beynəlxalq maliyə institutlarının kredit müqaviləsi bağlamaq üçün irəli sürdüyü şərtlərdən biri də kommunal xidmətlərin qiymətlərinin artırılmasıdır:
“Beynəlxalq maliyə institutlarının bir neçə şərti var, iqtisadiyyatın liberallaşması, qanunun aliliyinin təmin olunması, ümumdünya ticarət təşkilatına üzv kimi şərtləri yerinə yetirməkdənsə hökümər özünə sərf edən tələbi yerinə yetirir”.
N.Cəfərli Azərbaycanda əhaliyə verilən qazın qiymətinin artırılmasını absurd adlandırıb. Ekspert bildirib ki, hökümətin bir ildə əhaliyə verdiyi qazın miqdarı qədər də müqavilə əsasında ABƏŞ-dən (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) pulsuz əldə edir.
“1994-cü ildə BP ilə imzalanan müqaviləyə əsasən neftlə birgə çıxarılan səmt qazı Azərbaycana pulsuz verilir. Son rəqəmlər də bunu sübut edir ki, Azərbaycan hər il əhalinin işlətdiyi qaz miqdarı qədər BP-dən pulsuz qaz alır. Bu ilin ilk 9 ayında Dövlət Neft Şirkətinin aldığı pulsuz qazın həcmi təqribən 1.9 milyard kubmetrdir, ilin sonuna qədər 2.4-2.5 milyard kubmetr qaz alması gözlənilir. Azərbaycan əhalisinin işlətdiyi qazın miqdarı isə 2.8 milyard kubmetrdir. Belə çıxır ki, Azərbaycan əhalisinin işlətdiyi qazın tamamına yaxını BP tərəfindən hökümətə pulsuz verilir. Azərbaycan höküməti də pulsuz aldığı qazı əhaliyə nəinki ucuz satmır, əksinə qiymətləri artırmaq yolunu seçir. Bu tamamilə absurd qərardır. Bu müqavilənin şərtlərinə əsasən Azərbaycan əhalisi pulsuz işlətməliydi ama əksinə, getdikcə artıq ödəniş etməklə qazdan istifadə etməyə məcbur olacaq”, – deyə Cəfərli qeyd edib.