Neft Emalı Zavodunun modernləşdirilməsi planlaşdırılandan baha olacaq

“Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) yenidən qurulması və modernləşməsinə 1,5-1,7 mlrd dollar xərclənəcək”, – deyə SOCAR-ın stateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib.
İki il əvvəl layihə 1 mlrd, sonra 1,3 mlrd dollar qiymətləndirilirdi.
“Avqust ayında zavodda təmir işləri ilə əlaqədar istehsal dayananda xarici şirkətlər dəvətimizlə tədqiqat apardı və avadanlıqları yoxladı. Bu qurğular on illərlə fəaliyyət göstərən qurğulardır və daha çox sərmayə qoymaq lazımdır. Dəqiq rəqəmi hələlik demək çətindir. Bir neçə aydan sonra dəqiq rəqəm ortaya çıxacaq”, – deyə vitse-prezident bildirib.
Qəhrəmanov deyib ki, indiyədək Bakı Neft Emalı Zavodunun yenidənqurma və modernizasiya layihəsinin icrası üçün 80 mln manat həcmində vəsait xərclənib.
“NEZ-də 4 qurğu yenidən qurulacaq, 12 yeni qurğu tikiləcək. Bu işlərin görülməsində əsas məqsəd zavodda istehsal olunan neft məhsullarının həm keyfiyyətini artıraraq “Euro-5” standartına çatdırmaq, həm də neft emalının kəmiyyətini artırmaqdır”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, iki tender keçiriləcək. İlk tenderin yanvar ayından, digərinin isə aprel ayından başlayacağını qeyd edib. O bildirib ki, birinci tender əsasında yeni qurğuları tikəcək şirkət, ikinci tenderdə yenidənqurma işlərini aparacaq podratçı şirkət seçiləcək:
“Hazırda təqribən 1,3 mln. ton benzin istehsal olunursa, yenidənqurma işlərindən sonra bu rəqəm 2,2-2,3 mln. tona çatacaq. Dizel yanacağı 2,3 mln. tondan 2,9 mln. tona, aviayanacaq 700 min tondan 1 mln. tona çatdırılacaq” deyə o əlavə edib.
NEZ-də istehsal edilən neft məhsullarının 37%-i dizel yanacağı, 25%-i avtobenzin, 13%-i kerosin, 25%-i başqa məhsullar olacaq.