Ölkədən çıxışına qadağa qoyulan şirkət rəhbərlərinin sayı 2 dəfə artıb

Vergilər Nazirliyi rəhbərlərinin ölkədən çıxmasına məhdudiyyət qoyulan şirkətlərin yeni siyahısını açıqlayıb. Son iki ayda onların sayı iki dəfə artaraq 999-a çatıb.
Yeni siyahıda ölkə iqtisadiyyatı üçün mühüm olan şirkətlər də var. “Azeri Drillinq Kompani” MMC-nin dövlət büdcəsinə 886 min 416 manat borcu var. Bu şirkət 2006-cı ildə SOCAR-ın (35% və “Target Petroleum Azerbaycan Korporeysn” – 65%, Panama) iştirakı ilə yaradılıb. Bu səbəbdən Faiq Məmmədov borc ödənilənə qədər ölkədən çıxa bilməz.
11 min 99  manat borca görə eyni cəza “İSR Holding” qrupuna daxil Neftçala Yod-brom zavodu rəhbərinə də tətbiq edilib.
“AAAF Park Xirdalan” tikinti şirkəti (“AAAF Park” şirkətlər qrupu) dövlət büdcəsinə cəmi 1852 manat borcu ödəməyib. Amma onun rəhbəri də eyni cəzaya məruz qalıb.
“Yeddi Gözəl” MMC-nin (“Gilan Holding”in Qəbələdəki eyniadlı oteli) 68931 manat borcu var.
Qeyd edək ki, bu siyahıda çıxsaylı birgünlük şirkətlərə rəhbərlik edən 10-a yaxın şəxs var. Bir qayda olaraq, belə şirkətlər vergidən yayınmaq üçün yaradılır. Onların rəhbərləri isə müəyyən məbləğ müqabilində cinayət cəzası ilə razılaşır.