Öz xoşuyla aldanmaq – Nuriyyə Ağazadə

Nuriyyə Ağazadə
Məşhur alman yazıçısı Ziqfreyd Lensin “Mehmanxanada gecə” adlı kiçik bir hekayəsində balaca oğlan uşağı hər gün dayanacaqda trolleybusa minən insanların arxasınca yaylıqla əl sallayardı. Əsərdə bu səhnənin bədii təsviri məndə gözlərimi yaşardacaq dərəcədə iz buraxıb. Belə ki, həmin uşaq günlərlə bu aktı bezmədən, yorulmadan tükənməz bir ümidlə edərdi. Bir gün sərnişinlərdən hər hansısa birinin nəhayət ki, onun varlığını sezib ona əl sallayaraq qarşılıq verəcəyini gözləmək əzmi məni heyran etmişdi.
Və günlərin bir günü o baş verdi. Dolayısı yolla, bu əhvalatdan xəbəri olan səssiz şəhərin elə səssiz bir qonağı, o balacaya istədiyini verdi. O, trolleybusun arxa şüşəsinə söykənib cib dəsmalını çıxararaq onu uzaqdan uğurlayan o məsum oğlana sallayraq trolleybusun asta-asta onu götürdüyü dayanacaqdan uzaqlaşıb qeyblərə qarışdı. Balaca bir oğlan artıq arzusuna çatmışdı… Onu görən, bunca çoxluğun və səs-küyün içində sezən olmuşdu. Bu möhtəşəm vidalaşma bəlkə də onu sonsuzadək xoşbəxt edəcəkdi… Edəcəkdimi?
Xoşqədəm Hidayətqızının video olayı mənə bu hekayəni xatırlatdı. Bu hekayədə bir gün insanların ona diqqət edəcəyinə, onu duyacağına, hiss edəcəklərinə ümid edərək, həsrətlə arzularının gerçəkləşməsinə olan inamını üzməyən balaca oğlan bizim toplumun, o balaca oğlanin atasının ipucuyla, kiçicik işarəsiylə məsələdən hali olan, şəhərə təşrif buyurmuş qonaq isə, bizim hadisədə Xoşqədəmin uğursuz prototipidir.
Gözləntidə olan topluma yaylıq yelləyərək sabun köpüyünün ömrü qədər verdiyi yalançı xoşbəxtliyin, yalançı ümidlərin puça çıxmasının media dramı…
İndi gəl bu xəyal qırıqlığınına uğramış cəmiyyəti etibar, güvən aşınmasının vurduğu zərbələrdən xilas etmə yollarını axtar. İllər lazım olacaq bunun ücün. Orta statistik Azərbaycan vətəndaşının “məmə yeyəndən, “pəpə” deyəninə” kimi az qala hamıya məlumdur ki, Xoşqədəm Hidayətqızının təzyiqi aşağıdır, başı agrılıdır, kütləyə canı yandığından arada ürəkgetməsi də var. Hamısına da zavallı xalq günahkardır. Hətta sayın Doguş da qəzəblənib, “yeter artiq, yapma bu kadar, kötu oluyorsun” qayğılarını belə onu xalqın yolunda “özünü fədadan” döndərə bilməmişdi. Nə gizlədim, arada məni də inandırmışdılar. Deməli, problemin kökü tək xanım aparıcıda deyil, məsuliyyət ona bu adam aldatma ortamını yaradan KIV-nin məsul şəxslərində və bu komediyanın qurbanı olan toplumdadır.
O keçmişdə, bilmirəm indi də var ya yox, məhlə uşaqlarının baş qatdıqları ənənəvi oyun vardı, “aşıq-aşıq oyunu. Orada oyuna başlamadan öncə bir deyim vardı: “Aldadıram, aldanma!” Indi bu aşıq-aşıq oyunundakı kimi Xoşqədə xanım da durub xalqa deyə bilər ki, əşşi, aldadıram sizi, aldanmayin da! O quraşdırılmış səhnələrdə iştirak edən xalqın içindən çıxan dost-doğma Azərbaycan vətəndaşları deyilmiydi? Rusu, ermənini, gürcünü zorla çəkməmişdi ki, gəl kamera qabağında türklər demiş sırıt, ya da Kərbala müsibətindəki kimi fəryad et. Yarım kub iynəni də yetim Saməddin kişiyə də guplayan “dünya miqyasinda “inkişaf etmiş “səhiyyəmizin “qaygıkeş tibb bacısı” da gözünə döndüyum öz camaatımızın nümayəndəsidir ki, ona xəstəxanada görüm-baxım eləməsən, o da sənə yarım kubun doldurulduğu iynənin ucunu belə göstərməz.
Nə isə… İnsan heyatının acıları üzərində şou yaratmaqla, bu və ya digər sosial zəminli məsələlərin ictimailəşdirilməsi yarlığıyla televiziya kimi birbaşa güclü təsir sahələrində oyunlar oynamaq tamaşaçıya mənəvi zərbədir. Bu gün Xoşqədəm Hidayətqızı və onun simasında əksər KİV əhli tamaşaçını və oxucunu doğrulara inanma şansını sarsıtdı. Bu inamı bərpa etmək, siz düşündüyünüzdən də asan olmayacaq, biləsiniz.