Paşazadələrin biznes şəriki ədalət istəyir: “Hamı bilir ki, mən sifarişlə həbs olunmuşam”

Müğdət Həşimovun bacısı: “Cənab hakim, Hacı Mazan deyir ki, Müğdət bizim dustağımızdır”
Noyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadənin ailəsi ilə biznes ortağı olduğu bildirilən Müğdət Həşimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda Müğdət Həşimov vəkilindən imtina edib. O bildirib ki, vəkili onu qane etmir.
Hakim Novruz Kərimov isə bunun gecikmiş addım olduğunu deyib: “Siz məhkəmə yekunlaşdığı ərəfədə belə bir istəklə çıxış edirsiniz. Əgər belə bir fikriniz vardısa, vaxtında niyə etmirdiniz? Sizin vəkiliniz ən savadlı və mənim də hörmət etdiyim vəkillərdən biridir”.
M.Həşimov isə sifarişlə həbs olunduğunu deyib: “Cənab hakim, siz deyirsiniz ki, vəkilim savadlıdır və siz də ona hörmət edirsiniz. Ancaq 6 vəsatət qaldırsa da, heç biri təmin olunmadı. Hamı bilir ki, mən sifarişlə həbs olunmuşam”.
Hakim isə deyib ki, məhkəmədə vəsatətlər hörmətə görə təmin olunmur və məhkəməyə heç kim sifariş verə bilməz:” Bu işə qanun necə icazə verirsə, o şəkildə də baxılır və baxılacaq”.
Məhkəmə zalında olan M.Həşimovun bacısı da bu zaman dialoqa qoşulub. O, qardaşının günahsız olduğunu və bu işin günahkarlarından birinin də şeyxin qardaşı Cavanşir Paşazadənin işlərini görən Hacı Mazanın olduğunu deyib: “Cənab hakim, Hacı Mazan deyir ki, Müğdət bizim dustağımızdır. Belə şey olar? Belə ədalətsizlik olar? Biz istəyirik ki, sülh, barışıq olsun. Qardaşımın 60 yaşı var. Özü də xəstədir, övladı da. Axı niyə digər tərəf məhkəmədə iştirak etmir? Onları bura niyə gətirmirlər?”
Məhkəmə M.Həşimovun vəkilindən imtina etməsi barədə ərizəni qəbul edib və məhkəmə buna görə təxirə salınıb. M.Həşimov yeni vəkillə müqavilə bağlayandan sonra iclas davam edəcək.
M.Həşimov 12 avqust 2015-ci ildə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə təqsirli bilinərək həbs olunub. Sonradan onun barəsində 178.3.2 (dələduzluq) və 213.1(vergidən yayınma) maddələri ilə də ittiham irəli sürülüb.
İttihama görə, M.Həşimov deputat C.Paşazadənin himayəsində olan “Aygün-C” MMC-nin təsisçiləri ilə 2012-ci ilin 6 dekabrında rəsmi qaydada “Birgə fəaliyyət haqda” müqaviləsi bağlayıb. Müqavilənin şərtlərinə görə, onunla iş birliyində Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni olub.
M.Həşimov şərikli açılan klinikadan 193 min 50 manatlıq tibbi avadanlığın çatışmazlığına görə təqsirləndirilir.
Tərəflər arasında şərikliyin şərti belə olub ki, təsisçilər “Bank VTB”-dən 700 min manat götürüb M.Həşimova veriblər. Həmin pulun banka qaytarılması isə 2018-ci ilə qədər M.Həşimovun öhdəliyində olub. Həşimov klinikadan qazandığı pulla həmin borcu ödəməli imiş. Bankın pulu ödənilib bitdikdən sonra əldə olunan qazanc Cavanşir Paşazadə ilə Həşimov arasında bölünməli imiş.
Klinika C.Paşazadənin adına olan 1255 kv.metrlik qeyri-yaşayış sahəsində açılıb.
Bu şərikliklə M.Həşimov “Medi-Sina” MMC-nin təsisçisi olub və fəaliyyətə başlayıb.
Lakin sonra bu şəriklik bitib. Cavanşir Paşazadə və onun adamı Hacı Mazan ləqəbli Ramazan Zeynalov klinikaya gələrək M.Həşimovdan tələb ediblər ki, müəssisə boşaldılasın. Bununla da şəriklik bitib, klinika bağlanıb, M.Həşinmov isə bir neçə ay sonra həbs olunub.
Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızı da bir neçə il əvvəl “Medi Sina” klinikasında əməliyyat edilən zaman ölüb.