“Qara bazar”da dollar satışı

Azərbaycan Mərkəzi Bankı noyabrın 17-nə dolların məzənnəsini açıqlayıb. Məzənnə əvvəlki – bir dollara görə 1.7039 manat səviyyəsində qalıb.
Ancaq oktyabrın ortalarından dolların məzənnəsinin yenidən artması fonunda əksər kommersiya banklarının Amerika valyutasının satışını dayandırdıqları bildirilir.
Noyabrın 16-da 15-dək bank əhaliyə dollar və avro satmayıb. Bu da “qara bazar”ın çiçəklənməsinə şərait yaradıb.
Rəsmi məzənnə 1 dollara görə 1.7039 manat olduğu halda, bəzi banklar onu 1.7720 manata satır, 1.7670 manata isə alırlar.
Eyni zamanda, “qara bazar”da 1 dolların 1.82 manata satılıb, 1.81 manata alındığı qeyd edilir.
Bəzi ekspertlərin fikrincə, ilin sonunadək dolların rəsmi məzənnəsi 1.80-1.85 manat olacaq.
Azərbaycanda ötən il dekabrın 21-də baş verən sonuncu kəskin devalvasiyadan sonra da bir müddət “qara bazar”da dollar satışının artdığı söylənirdi. Ancaq sonradan bu proses dayanmışdı.