Qiyas İbrahimin anası Çində həbsdə olan professor İlham Tohtiyə ürək-dirək verib

Qiyas İbrahimov
Beynəlxalq Hüquq Müdafiə Təşkilatı “Amnesty İnternational” “2016 – Hüquqlar üçün yaz – Məktub zənciri” kampaniyasına başlayıb.
Təşkilat dünyada ifadə azadlığı, siyasi baxışlarına görə həbs edilmiş və ya təqib olunan insanların ailə və dostlarının bir-birinə məktub yazmasını təşkil edib.
Misirdə həbsdə olan tanınmış fotoqraf Shawkan-ın dostu Azərbaycanlı məhbus, “heykələ yazdığı” üçün həbs edildiyi bildirilən Qiyas İbrahimova dəstək məktubu yazıb. Qiyas İbrahimovun adından isə onun anası Şura Əmiraslanova Çində həbsdə olan professor İlham Tohtiyə ürək-dirək verir, həmrəylik göstərir:
“Əziz Tohti. Mənim oğlum siyasi məsələlərə görə həbsxanadadır. İstəyirəm bir şeyə inanasan: sən tezliklə azadlıqda olacaqsan”.
Məktub zəncirində Rusiyada sürgün həyatı keçirən Edward Snowden də yazdığı məktubunda oğurlanmaq və öldürülmək təhlükəsi altında olan azyaşlı albinis Annie Alfredə ürək-dirək verib.
“Amnesty International” 1961-ci ildə Londonda təsis olunub. Təşkilat dünyada insan haqlarının pozulmasının monitorinqini aparır, hüquqları müdafiə edir, insan haqlarının durumu ilə bağlı ölkələr üzrə ətraflı hesabatlar hazırlayır.