Qubad İbadoğlu: “Qiymət artımının yeni dalğası başlayır”

“Tarif Şurasının qaz və elektrik enerjisinin bahalanması barədə qərarının psixoloji və iqtisadi nəticələri olacaq”
Tarif Şurasının qərarını şərh edərkən iqtisadçı Qubad İbadoğlu belə deyib. O, bildirib ki, qərarın iqtisadi nəticələri uzunmüddətli və davamlı olacaq.
Onun fikrincə, maya dəyərində elektrik və qaz istehlakı xərcləri olan bütün məhsul və xidmətlərdə bahalaşma müşahidə olunacaq. Daha çox təsirə məruz qalan çörək bişirmə sənayesi, elektrik enerjisi və qazla işləyən nəqliyyat vasitələri olacaq.
“Beləliklə də, qiymətlərin artımının yeni dalğası başlayacaq. Çox güman ki, tezliklə su, benzin və digər qiymətləri tənzimlənən yanacaq məhsullarının bahalaşmasına dair növbəti qərarlar veriləcək”, deyə İbadoğlu yazıb.
Xatırladaq ki, Tarif Şurası noyabrın 28-də enerji daşıyıcılarının qiymətinə yenidən baxıb. Əhali üçün illik istehlak həcmi 1500 kubmetri keçməyəndə 1 kubmetr üçün tarif 0,1 manat səviyyəsində qalacaq. İstehlak həcmi bu məbləği keçərsə, 1 kubmetrin qiyməti 0,2 manat olacaq.
Bundan başqa, 1 kvt saat elektrik enerjisinin qiyməti 0,043 manatdan 0,057 manata artırılıb.
Aylıq istehlak həcmi 250 kilovat/saatı keçməyən istehlakçılar üçün elektrik enerjisinin qiyməti 0,07 manat qalacaq, Bundan artıq olanda 1 kilovat/saat üçün 0,11 manat ödəmək lazım gələcək.