R.Ağayev: “Sərmayə təkcə inkişaf yaratmır, qeyri-bərabər bölünəndə fəsadlar da törədir”

“Sərmayə harda cəmlənirsə, inkişaf üçün zəmin də orda yaranır. Pul harda toplanırsa, həmin ərazi “nasos” kimi yaxın-uzaq ətrafdakı bütün insanları sorub götürür”.
Bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev bildirib. O, sosial şəbəkədə Azərbaycanda investisiyaların düzgün istiqamətləndirilməməsinə münasibət bildirib.
İqtisadçı bildirib ki, son 15 ildə ölkə ərazisinin cəmi 5%-ni təşkil edən Abşeron yarımadasının (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu) timsalında bu daha aydın görünür.
“Bilirsiniz ki, bu gün iqtisadiyyat üzrə ÜDM-nin təxminən 80%-i, vergi gəlirlərinin 95%-i, ixracın ən az 96%-i, investisiyaların 70%-i bu coğrafiyanın payına düşür. Amma problem təkcə ölkə iqtisadiyyatının az qala 90%-nin 5% ərazidə formalaşması ilə də bitmir”.
O qeyd edib ki, Abşeron yarımadasının çox kiçik sahəsinin daxilində “periferiya-mərkəz” problemi kəskindir. Rəsmi statistikanın məlumatına görə, Səbail, Nərimanov və Nəsimi rayonları Bakı şəhəri ərazisinin cəmi 3%-ni təşkil edir. Amma 2015-ci ildə paytaxt iqtisadiyatına qoyulan 11.5 milyard manat investisiyanın 75%-i (8.5 milyard manat) həmin 3%-lik əraziyə yönəlib.
R.Ağayevin bildirib ki, sərmayə təkcə inkişaf yaratmır – bu cür qeyri-bərabər bölünəndə fəsadlar da törədir:
“Məsələn, hər gün şəhərin mərkəzində insanların ömrünü qısaldan tıxaclar kimi.  Yağış normal yağanda faydalıdır – quraqlıq yaranmağa qoymur, canlı təbiətin suya tələbatını qarşılayır. Amma selə çevriləndə dağıntılar yaradır”.
İqtisadçının fikrincə, sərmayələri bütün ərazilərə tarazlı paylaşdırmaqla inkişafı da bütün ölkəyə yaymaq lazımdır:
“Hökumətin hazırlanmaqda olan Yol Xəritəsinin ana xəttini tarazlı bölgə inkişafı təşkil etməli idi. Sektorial inkişaf isə bölgə inkişafının ətrafında alt istiqamətlər kimi hədəflənməliydi”. 
Rövşən Ağayev qeyd edib ki, inkişaf etmiş ölkələrdə artıq son 30-40 ildə iqtisadiyyatda sektorial inkişaf prioritetini tarazlı ərazi inkişafı əvəzləyib. Azərbaycanda nə zamansa peşəkar hökumət qurulanda ölkənin böhrandan çıxarıb davamlı inkişaf yoluna çıxmaq üçün əsas resept bu olacaq.
“İndiki hakimiyyət bu yolu seçə bilməz. Təkcə ona görə yox ki, korrupsiya maraqları indiki idaretmə mexanizmlərini dəyişmək üçün əngəldir. Həm də o səbəbdən ki, qeyd elədiyim prioritetin seçilməsi siyasi və kapital təmərküzləşməsindən imtinanı tələb edir. Halbuki indiki siyasi sistemin mövcudluğu yüksək siyasi mərkəziyyətə (həmçinin onun doğurduğu kapital təmərküzləşməsinə) əsaslanır”, – deyə ekspert bildirib.